AZ   |   RU
Aqrobiznesin inkişafı Forumu keçirilib


Bakıda 2-ci “Aqrobiznesin inkişafı Forumu” keçirilib. 

Missiya.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı ilə təşkil olunmuş forumun məqsədi ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox sahibkarın faydalanması üçün lazımi addımları müzakirə etməkdir.  

Forumdakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kənd təsərrüfatının inkişafı, bu sahədə sahibkarlıq fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Qeyd edilib ki, Agentlik kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına, onların rəqabətqabiliyyətinin artırılmasına yönəlik proqramların icrasına dəstək göstərir və bu məqsədlə müxtəlif təşkilatlarla əməkdaşlıq edir. Aqrar sahədə fəaliyyət göstərən sahibkarlar da KOBİA-nın biznesin qurulması və inkişafı istiqamətində göstərdiyi daxili bazar araşdırmasının aparılması, “Startap” şəhadətnaməsinin verilməsi, KOB-ların məhsullarının ticarət şəbəkələrində satışına dəstək, KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün qrant vəsaiti, yerli məhsulların sərgilərdə tanıdılması və satışına dəstək mexanizmlərindən istifadə edə bilərlər. Həmçinin, “Bakı KOB evi”ndə sahibkarlara digər xidmətlərlə yanaşı, kənd təsərrüfatı və qida təhlükəsizliyi ilə bağlı xidmətlər təqdim olunur. 

Dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin, biznes subyektlərinin iştirak etdiyi tədbirdə müxtəlif mövzularda panel müzakirələr təşkil olunub, aqrar sahənin inkişafına töhfə verən sahibkarlar mükafatlandırılıb.  

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 1-02-2023, 15:49