AZ   |   RU
Azərbaycan-Moldova gənclər forumu keçirilib


Moldovanın paytaxtı Kişineudakı Milli Tarix Muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyilə bağlı “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova gənclər forumu keçirilib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, forum Azərbaycan Gənclər Fondunun dəstəyi, ölkəmizin Moldova Respublikasındakı səfirliyinin tərəfdaşlığı “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə olub. 

Tədbirdə çıxış edən ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov Ulu öndər Heydər Əliyevin həyat yolundan danışıb.
Çıxışında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı məqama da yerən Qüdsi Osmanov Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər sayəsində ilk siyasi-hüquqi qiyməti verildiyini, 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini, ifşaedici və cəsarətli bir bəyanat verdiyini də bildirib.

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimayi Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili çıxışında iki ölkənin bənzər taleyindən bəhs edərək qeyd edib ki, bu kimi layihələr davamlı olmalı və gənclər arasında əlaqələrə öz töhfəsini verməlidir.

Forumda Moldova parlamentinin deputatı, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri Vitali Jako, Moldova Baş nazirinin insan hüquqları üzrə müşaviri Nikolay Rediste, Moldova Milli Azlıqlar üzrə Dövlət Agentliyinin sədri Dmitri Moroz, Moldova Milli Kitabxanasının direktoru İlena Penteley, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “DAVAM” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Moldova universitetlərinin təmsilçiləri və gənclər çıxış edərək tədbirin iki ölkə gəncləri üçün önəmindən bəhs ediblər.

  • 19-01-2023, 22:50