AZ   |   RU
AHİK sədri bir qrup şəhid ailəsi üzvləri ilə görüşüb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK tərəfindən övladları himayəyə götürülmüş şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşüb.

Missiya.Az
xəbər verir ki, tədbir Vətən uğurunda canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

S.Möhbalıyev onları qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

AHİK sədri 44 günlük Vətən müharibəsindən, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin mahir sərkərdəlik keyfiyyətlərindən və diplomatik bacarığından, düşmənin işğalçı ordusunu məhv edən əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, onların şanlı döyüş yolundan danışıb.

Bildirilib ki, Azərbaycan Ordusu uzun illər düşmən tapdağı altında olan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə cəmi 44 günə azad etdi, bu gün Şərqi Zəngəzurda və Qarabağda üçrəngli Dövlət Bayrağımız əzəmətlə dalğalanır.

AHİK sədri deyib: “Məhz sizin övladlarınız, həyat yoldaşlarınız, atalarınız düşmən qarşısında mətin dayandılar, yalnız irəli getdilər, taktiki olsa belə, geri addım atmadılar. İllər keçsə də, Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq, əziz xatirəsini hər zaman ehtiramla yad edəcək”.

Konfederasiya sədri dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu diqqətə çatdırıb. Deyib ki, bu sahədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı ilə seçilir. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin misli yoxdur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond hər zaman şəhid ailələrinə hərtərəfli dəstək olur.

Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri ölkəmizdə onlara göstərilən ali münasibətdən və yüksək qayğıdan razılıqlarını bildiriblər. Qeyd edilib ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva onlara xüsusi diqqət və qayğı göstərir, hərtərəfli dəstək olurlar.

Sonda AHİK tərəfindən şəhid ailələrinin üzvlərinə bayram sovqatları verilib, maddi kömək göstərilib, Yeni il münasibətilə keçiriləcək bayram şənliklərinə biletlər paylanılıb.

  • 24-12-2022, 10:47