AZ   |   RU
“Ölməz kəşfiyyatçı” adlı anım tədbiri keçirilib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid polkovnik-leytenant Orxan Əkbərovun anadan olmasının 40-cı ildönümünə həsr edilən “Ölməz kəşfiyyatçı” adlı anım tədbiri keçirilib. Təqdimatda millət vəkilləri, zabit-kursant heyəti, ictimaiyyət nümayəndələri, yazıçılar, şəhid ailələri, qazilər və KİV nümayəndələri iştirak edib.
 
Missiya.Az
xəbər verir ki, tədbir iştirakçılarını salamlayan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə gənclər arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində  görülən işlər barədə məlumat verdi.  

Millət vəkilləri Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov çıxışlarında bu cür tədbirlərin qəhrəmanların tanıdılmasında, təbliğində rolundan danışıb, zəfəri xalqımıza bəxş edən igidlərin döyüş yolunun hər bir böyüməkdə olan gənc nəslimiz üçün nümunə olacağını qeyd ediblər.

Qəhrəman polkovnik-leytenantın xatirəsinə həsr olunmuş kitabın müəllifi yazıçı-jurnalist  Asif Mərzili bildirib ki, bu kitab Orxan Əkbərovun həyatından, hərbi xidmət illərindən, 44 günlük Vətən müharibəsindəki döyüş yolundan, yaxınlarının və döyüş yoldaşlarının xatirələrindən bəhs edir. Kitab həm də onun döyüş yoldaşlarının qəhrəmanlıqlarından, Vətənə, torpağa sədaqətindən danışır.

Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş zabitlər polkovnik Toğrul Şamxalov, polkovnik Telman Hüseynov şəhid qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, döyüş xatirələrindən, qələbənin əldə edilməsində böyük rolundan danışıblar. 

Tədbirdə xalq artisti Samir Cəfərovun ifasında qəhrəmanlıq musiqiləri səsləndirilib,bədii rəhbəri  Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovanın  olduğu şəhid övladlarından ibarət “Qəhrəman övladıyıq” xorunun ifasında vətənpərvərlik mahnıları ifa olunub.

Zərintac MAYİSQIZI
Missiya.Az




  • 9-12-2022, 19:06