AZ   |   RU
5 dekabr - Beynəlxalq Könüllülər Günündə Azərbaycan könüllülərinin Zəngilana qayıdışı elan olundu!

“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində Zəngilan şəhərində davamlı könüllü fəaliyyətinə cəlb olunacaq gənclərin seçilməsi üçün “Zəngilan Könüllüləri” qrupuna qəbula start verilir.

Missiya.Az
xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Gənclər Fondundan bildirilib.

Qeyd edilib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qələbəsi ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Şanlı tariximizin ən parlaq səhifələrindən olan bu Zəfər sayəsində vətəndaşlarımız uzun illər həsrətini çəkdikləri doğma ata-baba yurdlarına qayıtmaq imkanı əldə ediblər.

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında böyük Zəfərdə gənclərin həlledici rolunu vurğulamış və Azərbaycan gəncinin “Böyük Qayıdış” prosesində iştirakının əhəmiyyətini qeyd etmişdir. Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq bir müddət öncə “Qayıdış Könüllüləri” Proqramına start verilmişdir.

Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə bu gündən etibarən “Qayıdış Könüllüləri” Proqramının “Zəngilan Könüllüləri” qrupuna qeydiyyat başlayır.

Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Zəngilan rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq qayidish.konullu.az saytında qeydiyyatdan keçə bilər. Son müraciət tarixi 15 yanvar 2023-cü ildir.

Seçilmiş gənclərin müvafiq təlim və hazırlıq keçdikdən sonra Zəngilan rayonu ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən mütəmadi olaraq Zəngilanda keçiriləcək tədbirlərin təşkilində iştirak edəcək, Zəngilana səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.

Qeyd edək ki, bir müddət öncə “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Ağdam Könüllüləri” və “Şuşa Könüllüləri” qrupu fəaliyyətə başlayıb.


  • 6-12-2022, 18:27