AZ   |   RU
Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq

Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Sənədin 2-ci bəndinə əsasən 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb. Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.

Lakin bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər - 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törədib, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb.

Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.

Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Laçının qaytarılmasını böyük tarixi hadisə adlandıran dövlətimizin başçısı xüsusi vurğulayıb ki, “Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm.

Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq”. 

Hazirda işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi. Laçın rayonunda da böyük quruculuq işləri həyata keçirilir, iri infrastruktur layihələr icra olunur. Xalqımız əmindir ki, tezliklə Laçın rayonu öz keçmiş həyatına qayıdacaqdır.

Sevil Rəfiyeva Nizami rayonu, 272 saylı məktəbin direktor müavini

  • 28-11-2022, 18:17