AZ   |   RU
Gülmək sizə çox yaraşır- ESSE
 
“Gülüş bir günəşdir, o insan üzündən qışı qovur”.

Dünya ədəbiyyatının ən məşhur simalarından olan Viktor Hüqonun bu kəlamı bir təbəssümün həyatın qırılmayan budağı olduğunu və insan həyatını necə dəyişdiyini  təsdiq edir.

Müdriklər əbəs yerə deməyiblər ki, ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. Bizə bəxş edilən yer üzündə sadəcə bir qonağıq. Bəs, niyə sürətlə irəliləyən zamanda qəm- kədəri mümkün qədər uzaqlaşdırıb, digər insanlara gülərək baxmırıq? 

Bəzən, qarşımızdakına əsəbimizi asanlıqla göstəririk, yaxud da dərdimizin olduğunu büruzə veririk. Amma təbəssümü özümüzə, ətrafımızdakılara çox görürük. Əslində isə gülüş qiymətli hədiyyədir.

Vaxt ömrümüzə xoş günlər gətirdiyi kimi, həm də onun qənimidir. Ona görə də yeni səhifələrlə açılan işıqlı səhərləri gülümsəyərək qarşılamalıyıq. Təbəssümlə dünyaya baxanda, o da sənə eyni şəkildə cavab verir. 

Gülüşlə başladığınız yeni günü gülümsəyərək bitirmədiyiniz anları da çox yaşamısınız? Elə isə o məqamlarda bir dəfə ürəkdən ağlayın… Fəqət nəyi öyrənirik? Təbii ki, hər şeyə rəğmən yenə də təbəssüm etməyi, nikbin olmağı.

Böyük Azərbaycan şairlərindən olan Bəxtiyar Vahabazadənin bu misraları yada düşər:

 Həyat səni güldürəndə gülmüsən, 
 Hünərin var, ağladanda gül görüm. 


Necə də ruhlandırıcı, müdrik kəlamdır.  Elə isə hünərli olub gülün, həyat hər zaman gülməsə də… Çünki siz güclüsünüz. 

O səmimi təbəssümün gözəlliyinizə gözəllik qatdığını, günəştək işıq saçdığınızı bilsəniz bundan qaçmazsınız. Sevək özümüzü, sevək insanları, sevək bütün dünyanı. Sevgi varsa, elə gülüş də var…

Gülün, çünki o sizə çox yaraşır.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 17-11-2022, 15:23