AZ   |   RU
DSX-nın Cəbrayıldakı hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xalqımızın ədalət savaşı tarixi zəfərlə başa çatdıqdan sonra dövlət başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.

Missiya.Az
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri xidməti istifadəyə verilib.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni inşa olunmuş hərbi hissə komplekslərinin fəaliyyətə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunmuş, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilib.

Vətən Müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanıb.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında iştirak etmiş Vətən Müharibəsi iştirakçılarına “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilmiş, həmçinin xidməti vəzifələrinin icrası zamanı fərqləndiklərinə görə bir sıra hərbi qulluqçular təltif olunublar.

Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olunmuş, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlara, döyüş texnikalarına, silah və texniki vasitələrə baxış keçirilib.
Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilib.


  • 7-11-2022, 18:25