AZ   |   RU
AzTU-da yeni strukturlar yaradıldı


Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.


Missiya.Az Report.az-a istinadən xəbər verir ki, iclasda qeyd olunub ki, universitetdə aparılan tədris prosesinin və elmi-tədqiqatların keyfiyyətinin artırılması, idarəetmənin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
Bu tədbirlərə uyğun olaraq Elmi şuranın iclasında Nəşriyyat və Mətbəə struktur vahidlərinin ləğv edilməsi barədə qərar qəbul olunub.
Həmçinin AzTU-nun strukturunda yaradılan tədqiqat institutları arasında koordinasiyanın təmin edilməsi, layihələrin idarə olunması, elmi nəşr və mətbəə işinin təşkili üçün Elmi nəşr və koordinasiya mərkəzinin yaradılması qərara alınıb.
Bundan başqa, AzTU-nun icra strukturları arasında koordinasiyanın təmin edilməsi, onların işinə rəhbərlik və nəzarətin həyata keçirilməsi məqsədi ilə AzTU Katiblik yaradılıb. Katibliyin işinin yüksək peşəkarlıq səviyyəsində təşkil olunması üçün xarici mütəxəssislər cəlb edilərək treninqlərin keçirilməsi nəzərdə tutulub.
İclasda AzTU-nun Elmi şurasının katibinin seçilməsi ilə bağlı məsələyə də baxılıb. Yeni təyin olunmuş Elmi katib Vilayət Əliyev şura üzvlərinin qərarı ilə Elmi şuranın katibi təyin olunub.
Bundan başqa, iclasda bəzi fakültələrin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, təkliflər verilib.


  • 5-05-2021, 14:30