AZ   |   RU
HAVELSAN proqram təminatı Azərbaycan ordusunda

Türkiyə Silahlı Qüvvələrinin istifadə etdiyi HAVELSAN proqram təminatı Azərbaycan ordusuna da xidmət göstərəcək.

Missiya.Az
xəbər verir ki, bu barədə HAVELSAN-ın Azərbaycan üzrə direktoru Erhan Abdullah Kanat Anadolu agentliyinə müsahibəsi zamanı məlumat verib.

Erhan Abdullah Kanat Türkiyə Silahlı Qüvvələrinin istifadə etdiyi proqram təminatının Azərbaycanda da istifadə olunması üçün işə başladıqlarını və işlərin qısa müddətdə tamamlanacağını bildirib.

Qeyd edək ki, 26 ölkədən 200-dən çox şirkəti bir araya gətirən “IV Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ADEX” sentyabrın 8-də Bakı Ekspo Mərkəzində öz işini başa çatdırdı. Türkiyə Respublikası sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biri oldu. Müdafiə sənayesində ən müasir və qabaqcıl texnologiyalardan geniş istifadə edən qardaş Türkiyə sərgidə 42 şirkətlə təmsil olunub. Bu şirkətlərdən biri olan “HAVELSAN” 1982-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Fondunun tərkibində yaradılıb. Şirkət təkcə müdafiə, təhlükəsizlik və İT sahələrində texnologiyaları inkişaf etdirməklə kifayətlənmir, həm də özünün yüksək texnologiyalı proqram həllərini hazırlayır və simulyatorlar istehsal edir. “HAVELSAN” həmçinin yeni nəsil texnologiyalar, xüsusilə də süni intellektlə əlaqəli məhsullar, layihələr və sistemlər hazırlayır. Sərgi zamanı Prezident İlham Əliyev şirkətin məhsulları ilə tanış olmuşdu.

HAVELSAN-ın Azərbaycan üzrə direktoru Kanat Anadolu agentliyinə müsahibəsində Azərbaycanla əməkdaşlıqdan danışıb. Kanat Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərdiklərini, 2-ci Qarabağ müharibəsindən sonra işlərin intensivləşdiyini və Azərbaycan nümayəndəliyinin yaradıldığını xatırladıb. HAVELSAN-ın türk ordusunun bütün hərbi proqram təminatını hazırladığını və Azərbaycan ordusunun Türkiyə ordusu modeli əsasında yenidən qurulduğunu ifadə edən Kanat, “Hərbi proqramlarımızın Azərbaycanda istifadəsi ilə bağlı işlərə başladıq. Layihələrimiz davam edir və qısa müddətdə tamamlanacaq” deyə bildirilib. Erhan Abdullah Kanat Azərbaycanın müxtəlif qoşun növü komandanlıqları ilə danışıqların davam etdiyini qeyd edib.


Nəriman Sultanoğlu
 Missiya.Az


  • 9-09-2022, 14:55