AZ   |   RU
Naxçıvanda 18 mindən artıq təsərrüfata aid məlumatlar elektron sistemə daxil edilib

Naxçıvan Muxtar Respublikasında 18 mindən artıq təsərrüfata aid məlumatlar elektron sistemə daxil edilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, muxtar respublikanın inzibati ərazi dairələrində hər bir təsərrüfat gəzilərək uçotun aparılmasına və əldə edilən məlumatların elektron informasiya sisteminə işlənməsi istiqamətində tədbirlər davam etdirilir. Ümumilikdə muxtar respublika üzrə bu günə qədər 18 142 təsərrüfatda 63 204 şəxsin məlumatlarının elektron informasiya sisteminə işlənməsi təmin edilib. Bu istiqamətdə işlər hazırda davam etdirilir.

Qeyd edək ki, tətbiq edilən proqram təminatı yerlərdə məlumatlar daxil ediləndən dərhal sonra hər bir yaşayış məntəqəsi üzrə məlumatların ölkənin digər şəhər və rayonları üzrə avtomatik rejimdə müqayisə olunmasına, təkrarçılıq halları varsa, onların aradan qaldırılmasına imkan verəcək.

Xatırladaq ki, yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatları uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib. Müşavirədə təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələr izah olunub, məsul şəxslər təlimatlandırılıb.

Müşavirədə qeyd edilib ki, sözügedən istiqamətdə bəzi zəruri tədbirlərin, müəyyən addımların atılması və layihənin sistemli şəkildə həyata keçirilməsi üçün əlavə tədbirlər görülməlidir. Xüsusilə muxtar respublikada statistika üzrə real göstəricilərin informasiya sistemində öz əksini tapması ilə bağlı qarşıya vəzifələr qoyulub. Azərbaycan Respublikası Prezident Administrasiyasının və Dövlət Statistika Komitəsinin nümayəndələri tərəfindən bununla bağlı əyani izah və tövsiyələr verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının müəyyən etdiyi istiqamətə uyğun olaraq 28 dekabr 2022-ci il tarixdə Naxçıvanda bununla bağlı müvafiq müşavirə də keçirilib, Mərkəzi Qərargah yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah fəaliyyət göstərir. Yanvarın 10-dan başlayaraq qərargahlar təsərrüfatbaşına uçot işinin təşkili üzrə məlumatların dürüstləşdirilməsinə və informasiya sisteminə işlənməsinə başlayıb. Hazırda muxtar respublikanın şəhər və rayonlarında bu istiqamətdə işlər davam etdirilir.


  • 21-01-2023, 21:30