AZ   |   RU
Şəhid Vüsal Vəliyevə həsr olunmuş "Qisas 44" kitabının təqdimatı olub
Şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş "Qisas 44" adlı kitabın təqdimat mərasimi keçirilib.

Missiya.Az xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, Xətai Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin üzvləri, əməkdar artist, qiraətçi Ağalar Bayramov, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib.

Təqdimat mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı şəhidin keçdiyi həyat və döyüş yolundan ətraflı şəkildə bəhs edərək, "Qisas 44" adlı kitabın nəşrini şəhidin xatirəsini əbədiləşdirmək məqsədi daşıdığını qeyd edib. 

Övladı barədə xatirələrini bölüşən şəhid anası Mədinə xanım vətənə layiqli oğul yetişdiriyi üşün qürur hissi keçirdiyini bildirib. 

"Mənim oğlum prezidentimizin Dəmir Yumruğunun bir barmağıdı. Mən onunla fəxr edirəm. Ali baş komandanın şəhid analarına göstərdiyi saygı və ehtirmdan dolayı təşəkkür edirəm" – deyə, şəhid anası vurğulayıb. 

Sonra şəhidin qardaşı, kitabın müəllifi Elyar Vəliyev qardaşı ilə bağlı uşaqlıq xatirələrindən söz açıb və 2 il ərzində mətbuat nümayəndəlirinin daim onların yanında olduğunu qeyd edərək təqdimat mərasimində iştirak edənlərə öz təşəkkürünü bildirib. 

Tədbirdə millət vəkili Aydın Hüseynov, Türk Ağsaqqalları Birliyi – TAİB-in sədr müavini Eyvaz Hümbətov və şəhidin döyüş yoldaşları da çıxış edərək 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətindən söz açıb, şəhid mayor Vüsal Vəliyevin xatirəsinə kitab həsr olunmasını yüksək qiymətləndirdiklərini bildiriblər. 

Təqdimat mərasimində qiraətçi Ağalar Bayramov və 194 saylı məktəbin şagirdləri şəhidlərimizlə bağlı şeirlər səsləndirib, şəhidin həyat və döyüş yolundan bəhs edən videogörüntülər nümayiş olunub, eləcə də vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Leyla Səməndər
Missiya.Az



  • 26-11-2022, 17:24