AZ   |   RU
Çavuşoğlu Rusiya-Ukrayna müharibəsində maraqlı olan qüvvələrdən danışdı

“Avropanın mərkəzində gedən müharibə dünyada qüvvələr balansını sarsıdır, aparıcı dövlətlər arasında ziddiyyətləri daha da kəskinləşdirir”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tokioda Yaponiya media nümayəndələri ilə görüşündə deyib.

Çavuşoğlu bildirib ki, Türkiyə Rusiya ilə dialoqu davam etdirən nadir ölkələrdən biridir.

“Qərbdə Ukraynada müharibənin davam etdirilməsinin tərəfdarı olan aktorlar var. Bu oyunçular müharibənin davam etməsinin Rusiyanı zəiflədəcəyinə inanırlar. Lakin fakt odur ki, əsas zərəri Ukrayna çəkir”, - deyə Çavuşoğlu vurğulayıb.

“Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə danışıqları davam etdirəcək. Məqsədimiz dövlət başçıları səviyyəsində qərarlar qəbul etmək üçün iki liderin görüşünü təşkil etməkdir. Bu müharibənin acı nəticələrini bütün dünya ödəyir”, -  deyə türkiyəli nazir qeyd edib.

Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, hazırda işğal altında olan torpaqlar Ukrayna torpaqlarıdır.

Daşqın Həsənov
Missiya.Az


  • 26-09-2022, 14:21