AZ   |   RU
Nizami rayonunda Bilik Gününə həsr olunmuş “I Bilik kitab Sərgisi” keçirilir- FOTOLAR

Bu gün Nizami Rayon İcra Hakimiyyəti və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nizami rayonu Heydər Əliyev adına park-bulvarda “I Bilik kitab Sərgisi”nin açılış mərasimi keçirilib. Tədbir 9, 10, 11 sentyabr tarixlərində, yəni, 3 gün nəzərdə tutulub.

Missiya.Az 
xəbər verir ki, “Biliyiniz möhkəm olsun!” şüarı altında təşkil edilən bu sərgidə məktəbli ləvazimatları, kitablar, dəftərlər, qeyd dəftərçələri, test topluları, çantalar, həmçinin bədii əsərlərin satışı həyata keçirilir.

Sərgidə İyirmi dörd nəşriyyat və mağaza 80%-dək endirimli məhsullarını satışa çıxarıb. Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Nizami rayon 25 saylı SD-nin millət vəkili Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Nizami rayon İctimaiyyətinin nümayəndələri, Nizami rayon  Mədəniyyət Mərkəzinin rəhbəri Laura Quliyeva, habelə,  Mərkəzin  yaradıcı kollektivi, Vətən müharibəsi iştirakçıları, Nizami rayon təhsil müəssisələrinin kollektivləri və sakinlər iştirak ediblər. Daha sonra sərginin açılışı olub.

Mərasimin açılışında çıxış edən  Nizami rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şəmil Sadiq sərgi iştirakçılarını salamlayaraq Bilik Günü ərəfəsində təşkil olunmuş bu tədbirin əhəmiyyətindən danışaraq, məqsədin cəmiyyətdə kitaba, təhsilə, mütaliəyə olan həvəsi daha da gücləndirib, təbliğ etmək olduğunu bildiriblər. Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Əli Axundov çıxışında qeyd edib ki, bu kimi tədbirlər daim nümunəvi layihələrə imza atan Nizami rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq keçiriləcəkdir. Daha sonra Nizami rayon  Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı tədbir iştirakçılarına təqdim olunub.  Ardınca rayon rəhbərliyi, qonaqlar və tədbirə  axın edən sakinlər bayram əhval-ruhiyyəsi ilə müşayət olunan sərginin işi ilə tanış olub, sərfəli alış-verişdən faydalanıblar.

Gedişatda sərginin təşkilatçıları, sakinlər tədbirlə bağlı təəssüratlarını da bölüşüblər. “I Bilik kitab Sərgisi” tədbiri ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov  Missiya.Az-a açıqlamasında bildirib ki, müxtəlif yazıçı və şairlərin də iştirak edəcəyi sərgidə onların imza mərasimləri olacaq: “Bu da Nizami Rayon sakinlərinin sevincinə səbəb olub. Onlar böyük həvəslə buraya gəliblər. Bu parkı ona görə seçdik ki, insanların burada daha asan və sıx toplaşa bilir. Nəinki, Nizami Rayon, habelə bütün Bakı sakinlərini tədbirə dəvət edirik. Bu həyata keçirilən ilk kitab sərgisidir. Növbəti illərdə də davam edəcək”.

O qeyd edib ki, sərgi çərçivəsində əyləncə şou-proqramlar, şeir saatları, canlı musiqi dəqiqələri, “face-art”, master-klassların baç tutacağı gözlənilir. Tədbir haqqında, onun mahiyyəti barədə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şəmil Sadiq də fikirlərini bölüşərək  söylədi ki, sərginin keçirilməsi qarşıdan gələn bilik günü ilə bağlıdır. Valideynlərin, tələbə və şagirdlərin kitaba ələçatanlığını təmin etmək, kitab oxumağı təbliğ etmək məqsədi daşıyır. “Təxminən 50-yə yaxın yazıçı və şairləri oxucuların görüşünə gətirməyi planlaşdırımışıq. Düşünürəm ki, kitabı insanlara, insanları da kitaba yaxınlaşdırmaq gözəl amildir” – deyə, o vurğulayıb.

Şəmil Sadiq “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin  “Bölgələrimizə kitabla gedirik” şüarının əhəmiyyətindən də danışdı: “Qarabağa kitabla gedək” layihəsi  bölgədə qurulacaq kitabxanalara dəstək məqsədi ilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Biz də birlik olaraq həmin layihəyə dəstək veririk. Hər kəs öz kitabını imzalayıb buraya təhvil verə bilər, ki, bu kitablar da  Qarabağa göndərilsin”.

Qeyd edək ki, tədbirdə məşhur yazıçılar Elxan Elatlı və Rövşən Abdullaoğlunun imza günləri, “Soyuq Günəş” filminin aktrisası İranə Kərimova və reper Prometenin ifası planlaşdırılıb. Üç gün davam edəcək sərgi hər gün 10:00-dan 22-dək fəaliyyət göstərəcək.

Zərintac MAYİSQIZI
Missiya.Az

















  • 9-09-2022, 15:34