AZ   |   RU
Azərbaycan-Macarıstan arasında keyfiyyətcə yeni mərhələ: Diplomatik əməkdaşlıqdan strateji münasibətlərə


Bir zamanlar əhalisinin enerjiyə olan tələbatını idxal hesabına ödəyən Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Artıq dünya Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Son 20 ildə Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan beynəlxalq nüfuzunu daha da artırıb.

Bu bir həqiqətdir ki, Prezident İlham Əliyev hər zaman yürütdüyü siyasətdə Azərbaycanın dövlət maraqlarını üstün tutub və milli mənafelərimizin müdafiəsini başlıca vəzifələrindən biri hesab edib. Ölkəmizin sabit və balanslı siyasəti Avropa ölkələri üçün etibarlı tərəfdaşa çevrilib. Bunu da dövlətimizin beynəlxalq siyasətinin daha bir uğuru hesab etmək olar. Əlbəttə, bu uğurun memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun Avropada enerji təhlükəsizliyinin və iqtisadi sabitliyinin təmin olunmasında oynadığı rol qitə ölkələrinin diqqətindədir. Ona görə Azərbaycan Prezidentin Avropa İttifaqına daxil olan ölkələrə səfəri zamanı onun şəxsiyyətinin, siyasətinin yüksək qiymətləndirilməsinin dəfələrlə şahidi olmuşuq. Bu gün regionun lider dövləti olan Azərbaycan nəinki regional layihələrin iştirakçısı kimi tanınır, ölkəmiz həm də beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı rolunda çıxış edir.         

Ölkəmiz dünya dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Belə ölkələrdən biri də Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biri olan Macarıstandır. Yanvarın 29-da Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri də deyilənlərin əyani göstəricisidir. Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Bu səfər göstərdi ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir və bu səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək və əlaqələrimizdə uğurlu səhifələr açacaq. Bu səfər xarici siyasətimizin uğurlarından biridir. Macarıstan Avropa İttifaqının və NATO-nun üzvü kimi qitədə özünəməxsus yer tutur. Macarıstanla bizi etnik köklər birləşdirir. Tarixən Azərbaycan-Macarıstan əlaqələri mövcud olub. Bu baxımdan Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan-Macarıstan əlaqələri diplomatik əməkdaşlıqdan strateji münasibətlərə qədər böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan və Macarıstan bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, təhsil, nəqliyyat, kənd təsərrüfatı sferalarında geniş formada əməkdaşlıq edərək iki ölkə arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə təkan verməkdədir. Budapeştdə Azərbaycan-Macarıstan arasında strateji tərəfdaşlıq haqqında imzalanmış Bəyannamə, eləcə də təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu, kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu, ticarət sahəsində əməkdaşlıq haqqında Protokol, miqrasiya və kənd təssərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumları iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələnin başlamasını və mövcud əlaqələrin daha da inkişaf edəcəyini sübut edir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirildi.

Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olundu. Macarıstan Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında “Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”, - deməsi deyilənlərin təsdiqidir.

Bu səfər bir daha göstərir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Bu səfər çərçivəsində imzalanmış sənədlər, xüsusilə də “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə” ilə Azərbaycanla Macarıstanın strateji tərəfdaşlıq münasibətləri daha da genişləndi və demək olar bütün sahələri əhatə etməyə hüquqi zəmin yaratdı.                                             

Hər iki dövlətin liderlərinin həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həm Macarıstanın Baş Naziri Viktor Orbanın mətbuat üçün bəyanatlarında da qeyd olunduğu kimi bizim enerji sahəsində əlaqələrimiz çox sürətlə inkişaf edir. Bu gün Azərbaycan Avropanın enerji ilə təminatında çox mühüm rol oynayır. Rusiya-Ukrayna müharibəsi bu rolu daha da gücləndirmiş oldu. Azərbaycana Avropa İttifaqında yeni alternativ enerj mənbəyi kimi baxırlar. Azərbaycan Avropa İttifaqının hər bir dövləti üçün arzu olunan dövlətdir.

Cənab Prezidentin vurğuladığı kimi, bizi Macarıstanla təkcə enerji sahəsində əməkdaşlıq birləşdirmir, digər sahələrdə əməkdaşlığımız mövcuddur və əməkdaşlığın yaxşı potensialı var. Bu gün hər iki dövlətin münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır. Beynəlxalq səviyyədə də biz bir-birimizin mövqeyini müdafiə edirik. Prezident İlham Əliyevin Macarıstanın baş naziri Viktor Orbanla görüşünün yekunlarına dair mətbuata açıqlamasında da dediyi kimi: "yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək".     
Eyni zamanda Macarıstanın öz tarixi köklərinə qayıdaraq, türk ölkələri ilə əlaqələrin qurulmasında maraqlı olması, gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv olmağı planlaşdırması bu münasibətlərin gələcəkdə daha da yüksələcəyini göstərir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Macarıstan səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycana Avropa qitəsində böyük etimad var. Azərbaycan Prezidenti İlham Əliyevi həm mahir diplomat, həm də nəhəng dövlət xadimi kimi qiymətləndirirlər. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır.

Qaçılmaz reallıqdır ki, Prezident İlham Əliyevin son xarici səfərləri Azərbaycanın hərtərəfli inkişafına daha böyük təsir göstərməklə yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun davamlı  olaraq  artmasını  göstərir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur və ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətində olan tərəfdaşların sayı artır. Bütün bunlar  isə, beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ümumilikdə, Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun və yüksək nüfuzunun bariz ifadəsidir.

Arzu Abdullayev
Yeni Azərbaycan Partiyası  Naxçıvan Dövlət Universiteti
 ərazi partiya təşkilatının sədri,
 tarix üzrə fəlsəfə doktoru,



  • 3-02-2023, 09:29