AZ   |   RU
Azərbaycan və Macarıstan dövlət başçılarının geniş tərkibdə görüşü olub - YENİLƏNİB


Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü olub.

Missiya.Az
xəbər verir ki, görüşdə çıxış edən Macarıstan Prezidenti Katalin Novak dedi:

- Bir daha, xoş gəlmisiniz. Nümayəndə heyətləri üzrxahlığı qəbul etsin, çünki görüş gözləniləndən çox çəkdi. Müzakirə edəcəyimiz məsələlər o qədər çox idi ki, hətta bu vaxtdan da artıq çəkə bilərdi. Lakin ümid edirik ki, gələn dəfə təkbətək görüş üçün daha çox vaxt ayrılacaq.
Gəldiyinizə görə hamınıza minnətdarıq. Macarıstana rəsmi səfərinizdən şəxsən şərəf hissi duyuram. Bilirəm ki, dünən artıq yaxşı proqramınız olub. Ümid edirəm ki, icra hakimiyyətinin rəhbəri, Baş nazirlə keçiriləcək görüşlə səfəriniz yaxşı davam edəcək. Mən isə dövlət başçısı olaraq dövləti təmsil edirəm.

Artıq qeyd etdiyim kimi, Siz nümayəndə heyətinin üzvləri ilə sarayın qarşısındakı meydanda qarşılanma zamanı tanış oldunuz. Lakin bizim yeni energetika nazirini hələ görməmisiniz. Enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında ən mühüm məsələlərdən biridir.
Əfsuslar olsun ki, sizdə olduğu kimi, bizim də bəxtimiz o qədər gətirməyib. Yüz ildən artıq dövr ərzində biz öz təbii enerji sərvətlərimizdən məhrum olmuşuq. Onlar artıq bizdə deyil. Enerji resurslarımızın şaxələndirilməsi üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır. Çünki bildiyimiz kimi, hazırda biz Rusiyanın neft və qazından asılıyıq. Biz həmin məsələni, hazırda davam edən müharibəni və gözləntiləri müzakirə etdik. Bir sözlə, cənab Prezident, səfərinizə görə bir daha minnətdarıq.


  • 30-01-2023, 18:34