AZ   |   RU
Prezident: "Keçmiş Minsk qrupunun hansısa həmsədri müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub"

"Keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub".

Missiya.Az
xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

Dövlət başçısı bildirib: "Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi oldu. Bu, qətiyyən qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb. Bizdə fransız-erməni tandeminin eyhamlarla, ittihamlarla və təhqirlərlə dolu həmin sənədin ilkin mətni vardır, ancaq bizim təkcə Qoşulmama Hərəkatında deyil, - yeri gəlmişkən, bu təşkilatın üzvlərinin bəziləri Frankofoniya Sammitinin üzvləridir, - həm də Avropada dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi faktiki olaraq ləğv edilib. Yəni, onlar çox formal bir sənəd qəbul ediblər. Bütün bunları nəzərə alsaq, aydın olur ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub".

"Deməli, bu o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq. Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq. Çünki sülh prosesi sülh sazişinin imzalanmasına gətirib çıxaracaq və onlar etiraf etməli olacaqlar ki, Qarabağla bağlı heç nə yoxdur və istər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Ona görə də ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Beləliklə, əgər bu onların seçimidirsə, biz nə edə bilərik. Biz onları imzalamağa məcbur edə bilmərik. Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq, bu o deməkdir ki, sülh olmayacaq və sülh yoxdursa, onda nə olacaq?! Beləliklə, düşünürəm ki, bütün suallarınızı əhatə etdim", - Prezident vurğulayıb.

  • 25-11-2022, 23:29