AZ   |   RU
Putin İrəvanda keçiriləcək KTMT sammitində iştirak edəcək

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi tanınan Moskvanın rəhbərlik etdiyi blokun əsas orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün bu gün İrəvana səfər edəcək.

Missiya.Az Tass-a istinadən xəbər verir ki, tədbirdə həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus prezidentləri Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon da iştirak etməlidirlər.

Qeyd edək ki, noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkilərində böyük fərqlə qalib gələn Qazaxıstan prezidenti Kasım-Comart Tokayevin andiçmə mərasimi noyabrın 26-da keçirilməli olduğundan onun iştirakı sual altındadır.

İrəvanın ev sahibliyi edəcəyi sammitdə təşkilat çərçivəsində əsas əməkdaşlıq sahələri, həmçinin mühüm beynəlxalq və regional problemlərin müzakirə olunacağı proqnozlaşdırılır.Tədbir çərçivəsində Putinin Paşinyanla görüşü də gözlənilir. Onu da bildirək ki, sammitdən əvvəl xarici işlər və müdafiə nazirlərinin görüşləri, həmçinin KTMT-yə üzv ölkələrin milli təhlükəsizlik şuraları katiblərinin görüşü keçiriləcək.

KTMT katibliyi bir müddət öncə verdiyi bəyanatda bildirmişdi ki, liderlər təşkilatın böhrana cavab mexanizminə və Azərbaycanla sərhədində son gərginlik fonunda Ermənistana kömək üçün birgə tədbirlərə xüsusi diqqət yetirəcəklər.

Ermənistan isə gözləyir ki, sabah keçiriləcək görüş iştirakçıları Azərbaycanın ümumi sərhəddəki hərəkətlərinə aydın siyasi qiymət verəcəklər.

Teymur Aslanov
Missiya.Az

  • 23-11-2022, 10:12