AZ   |   RU
Prezidentin Qlobal Forumda faktlara əsaslanmış çıxışı - Beynəlxalq qurumlara hansı mesajlar verildi?

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Vlll Qlobal Bakı Forumunda çıxışı zamanı Birləşmiş Millətlər Təşkilatının Azərbaycan torpaqlarının işğal altında saxlanılmasına laqeyd münasibətinə, Qarabağ münaqişəsinin həlli prosesinə, Azərbaycanın hərbi yolla və beynəlxalq hüquq normalarına əsasən ərazi bütövlüyünü bərpa etməsinə, Ermənistanın yeni işğal planları və işğalçıların törətdiyi vandalizm aktlarına toxunub.
 
Ölkə başçısı bildirib ki, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən qətnamələri həyata keçirib.
 
Prezidentdən sitat: “Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı və Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsəydi, növbəti 27 il də kağız üzərində qalardı. Biz BMT Xartiyasının 51-ci maddəsinə istinad edərək, beynəlxalq hüquq çərçivəsində öz müdafiə hüququmuzdan istifadə etdik. Çünki nəinki BMT TŞ, o cümlədən digər beynəlxalq təsisatlar Azərbaycan ərazilərinin işğalı ilə bağlı oxşar qərarları və qətnamələri qəbul etmişdilər. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası müxtəlif vaxtlarda oxşar qərar və qətnamələri qəbul etmişdilər”.
 
Ölkə başçısı bütün çıxışlarında olduğu kimi, Qlobal Bakı Forumunda da nitqini faktlara, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə əsasən qurub, təkzibolunmaz fikirlər səsləndirib. Prezident Forumdakı çıxışını da beynəlxalq qətnamələrə və erməni vandalizmi ilə bağlı əsaslandırılmış faktlar üzərində qurmuşdu. Prezident çıxışı zamanı Azərbaycanın sülhpərvər siyasi xəttinə toxunub.
 
Azərbaycan uzun illər status-kvonunun donmuş vəziyyətdə saxlanılmasına, beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin həllinə laqeyd münasibətinə baxmayaraq, problemin sülh yolu ilə həll olunmasına çalışıb.
 

Rəsmi Bakının sülhpərvər mövqeyi beynəlxalq təşkilatların Qarabağ münaqişəsinə baxışını nəinki dəyişdi, əksinə bağlı qapılar arxasında təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə müəyyən dəstək də göstərdilər. Beynəlxalq qurumlar Azərbaycanın bütün çağırışlarına baxmayaraq, Ermənistana heç bir sanksiya tədbir etmədilər. Sanki ATƏT, BMT, Avropa Şurası, Avropa İttifaqı və digər bu kimi qurumlarda erməni işğalının sona qədər davam edəcəyi, Azərbaycanın işğala uzun illər dözəcəyi barədə əminlik yaranmışdı. Bundan başqa, 44 günlük müharibə başlamamışdan əvvəl, Ermənistanın Baş naziri, rəsmi şəxslərinin yeni iddialarla çıxışları ATƏT MQ həmsədrlərini də çıxılmaz vəziyyətə salmışdı, onlar nə edəcəyini bilmirdilər. Əslində Ermənistan rəhbərliyinin sərsəm bəyanatlarına reaksiya verməli idilər. Amma yenə də sükutu pozmurdular və rəsmi İrəvanın sərsəm bəyanatlarına heç bir reaksiya vermirdilər. Təbii ki, bu sükut ATƏT MQ həmsədrlərinin öz öhtəliklərini yerinə yetirməməsindən irəli gəlirdi. Amma 44 günlük müharibə nəticəsində həmin beynəlxalq qurumlara bir daha sübut olundu ki, onların hansı planlar qurmasından aslı olmayaraq, Azərbaycan işğalla heç vaxt barışmayıb və həyata keçirilən hərbi əməliyyatlar beynəlxalq hüquq normalarına uyğundur. Çünki BMT Ermənistanın işğal siyasəti ilə bağlı 4 qətnamə qəbul edib və 30 ilə yaxın müddətdə 4 qətnamədən birinin belə icra edilməsi ilə bağlı hər hansı ciddi adım atmayıb.

Prezident çıxışı zamanı Ermənistanın işğalı uzatmaq cəhdlərindən və müharibənin başlama səbəblərinə toxunub. Ölkə başçısı bildirib ki, Ermənistan sadəcə status-kvonu saxlamaq istəyirdi, danışıqlar formatını yalnız münaqişəni daimi olaraq dondurmaq üçün istifadə edirdi.
 
Prezidentdən sitat: “Əvvəlki illər ərzində Ermənistan rəhbərliyi sadəcə göstərirdi ki, guya o, ATƏT-in Minsk Qrupu daxilində münaqişəni həll etməyə çalışır. Son bir neçə il ərzində erməni rəhbərliyi artıq açıq şəkildə bəyan edirdi ki, onlar işğal edilmiş ərazilərin bir santimetrini belə qaytarmayacaqlar.  Elə bunu demək kifayət idi. Ermənistanın hazırkı baş naziri bundan iki il əvvəl Azərbaycanın işğal altındakı ərazilərində bəyanatla çıxış etdi. Qeyd etdi ki, “Qarabağ Ermənistandır” – bu, kifayət idi. Bu, əslində danışıqların sonu demək idi. İlk növbədə bu, çox ziddiyyətli və yalan bir bəyanat idi. Çünki bir tərəfdən Ermənistan rəhbərliyi deyirdi ki, “Qarabağ müstəqil ölkədir”. Dünyada heç bir dövlət, o cümlədən Ermənistanın özü onu tanımayıb. Digər tərəfdən onlar deyirdilər ki, “Qarabağ Ermənistandır” və bu məqam əslində Ermənistanın ziddiyyətli siyasətini üzə çıxardı. Bütün bunlar onların ötənilki acı məğlubiyyəti ilə nəticələndi”.
 

2020-ci il sentyabrın 27-də müharibənin başlamasının əsas səbəbləri Ermənistanın ziddiyyətli siyasəti, o vaxtkı status-kvonu qoruyub saxlamaq cəhdi, yeni müharibə və yeni işğal planları, Azərbaycanma qasrşı ardıcıl təxribatları olub. Ermənistan ötən illər ərzində işğalla yanaşı, təcavüzkar siyasətini davam etdirib, Azərbaycanın dinc əhalisinə qarşı cinayət aktları törədib, cəbhə bölgəsində yaşayan əhalinin gündəlik həyat tərzinə, əkinçiliklə məğul olmasına ciddi maneələr törədib. İrəvan bütün çağırışlara baxmayaraq, təcavüzkar siyasətinə son qoymadığı halda, Bakı nə etməli idi? Təbii ki, təcavüzkara onun başa düşəcəyi dildə cavab verməyin vaxtı çatmışdı. Azərbaycan erməni təcavüzünə  cavab vermək məqsədi ilə 2020-ci 27 sentyabr tarixində genişmiqyaslı hərbi əməliyyatlara start verdi. 

Hərbi əməliyyatlar davam etdiyi dövrdə Ermənistan rəhbərliyinin qarşısında dəfələrlə şərt qoyuldu ki, işğal edilmiş ərazilərdən qoşunların çıxarılması ilə bağlı cədvəl versin, lakin 44 günlük müharibə, 7 min əsgərin ölümü və acı məğlubiyyət lazımıydı ki, onlar bunu başa düşsünlər. Müharibədən 1 il ötməsinə baxmayaraq, hələ də işğaldan azad olunmuş ərazilərdən döyüşlər zamanı öldürülən erməni hərbçilərin meyitləri tapılır. Həmçinin döyüşlərdən 1 il ötməsinə baxmayaraq, Ermənistan 44 günlük müharibənin həm psixoloji, həm siyasi, həm də iqtisadi nəticələrini aradan qaldıra bilmir.
 

Azərbaycanda isə Ermənistandan tam fərqli mənzərə hökm sürür. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış, erməni  vandalizminə məruz qalmış şəhər və kəndləri müasir standartlara uyğun olaraq bərpa edir. Bununla Azərbaycan dünyaya həm Qarabağın həqiqi sahibi olduğunu, həm də erməni vandalizminin nəticələrini nümayiş etdirmiş olur.

Elvin Məmmədov
Missiya.Az




6.3.5. istiqaməti üzrə (Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması) hazırlanmışdır.  


  • 5-11-2021, 16:29