AZ   |   RU
Paşinyan Batumidə Türkiyə nümayəndə heyəti ilə gizli görüş keçirib - İDDİA

Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana görüş təklif etməsinin bəzi təfərrüatları məlum olub. Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə qeyri-rəsmi görüşdə Türkiyə ilə diplomatik əlaqələri bərpa etməkdə maraqlı olduğunu deyib. Həmçinin Paşinyan Ərdoğanla görüşmək istədiyini dilə gətirib.

Missiya.Az
xəbər verir ki, bu iddia ilə Ermənistanın “Fakt” qəzeti çıxış edib.

Qəzetin iddiasına görə, Paşinyan Gürcüstan səfəri zamanı rəsmi görüşlərdən sonra bir neçə saat yoxa çıxıb.

Sitat: “Paşinyan Gürcüstanın baş naziri ilə rəsmi görüşdən sonra bir neçə saat yoxa çıxıb. Onun həmin müddət ərazində harda olması ilə bağlı rəsmi açıqlama yoxdur. Amma qeyri-rəsmi məlumatlara görə, Paşinyan Batumidə Türkiyə nümayəndə heyəti ilə görüş keçirib. Bu görüşün təşkilinə Gürcüstan vasitəçilik edib”, - sitatın sonu.

Müəllif yazır ki, Gürcüstan İrəvanla Bakı və Ankaranın münasibətlərinin normallaşmasına vasitəçi olmaqda maraqlıdır.

Sitat: “Gürcüstan bundan əvvəl də Bakı ilə İrəvan arasında vasitəçi rolunda çıxış edib. Azərbaycan Gürcüstanın vasitəçiliyi ilə 15 erməni diversanti Ağdam rayonunun mina xəritələrinin əvəzində geri qaytarmışdı. Tiflis yenidən vasitəçiliyi öz öhtəliyinə götürmək istəyir. Gürcüstan anlayır ki, regionda yeni nəqliyyat infrastrukturu formallaşır və layihələrdən pay götürmək niyyətindədir”, - sitatın sonu. 

Qeyd edək ki, Türkiyə və Ermənistan rəhbərliyi son dövrlər bir-birinə diplomatik əlaqələrin qurulması ilə bağlı müsbət mesajlar verirlər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili vasitəsi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana görüş təklif edib. Ərdoğan isə Ermənistanla diplomatik əlaqələrin bərpasının mümkünlüyünü vurğulayıb və Paşinyanın qarşısında “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı şərt qoyub. Hələ ki, rəsmi İrəvan Ərdoğanın dəhlizlə bağlı şərtinə heç bir reaksiya verməyib.

Elvin
Missiya.Az

 

  • 28-09-2021, 16:22