AZ   |   RU
“Qarabağda və Naxçıvandakı təxribatlar Ermənistan üçün ağır nəticələr doğuracaq” – Ramin Əhmədov

“Ermənilərin Qarabağdakı qanunsuz silahlı birləşmələri Şuşa ətrafında, Ermənistan ordusunun qırıntıları isə dövlət sərhəddinin Naxçıvan istiqamətində atəşkəsi pozub. Bir neçə gün əvvəl Ağdam istiqamətində hərbçilərimizə atəş açılmışdı. Təbii ki, Ermənistan tərəfinin atəşkəsi pozması, qanunsuz silahlı birləşmələri Qarabağdan çıxarmaması 10 noyabrda imzalanmış üçtərəfli bəyanata ziddir. Rəsmi İrəvanın belə təxribatçı əməlləri Azərbaycanın ciddi hərbi tədbirlər görməsi ilə nəticələnə bilər. Əlbəttə, Azərbaycan tərəfinin hərbi tədbirləri Ermənistan üçün ağır nəticələr doğuracaq. Azərbaycan ölkəmizin ərazisindəki qanunsuz silahlı birləşmələri anti-terror əməliyyatları ilə məhv edə bilər. Buna həm beynəlxalq hüquq, həm də 10 noyabr bəyanatının müddiaları baxımından haqqımız çatır”.

Missiya.Az
xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov erməni tərəfinin son təxribatları barədə danışarkən deyib.

Ramin Əhmədov bildirib ki, erməni tərəfinin fəallaşmasının və ard-arda təxribatlar törətməsinin bir neçə səbəbi var: “Azərbaycan Vətən Müharibəsindən ötən 8 ay ərazində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinə başlayıb. Ermənilərin viran qoyduğu şəhərlər bərpa edilir. Xüsusilə Şuşa və Ağdam şəhərlərində genişmiqyaslı yenidənqurma işlərinin aparılması erməni tərəfinin ciddi narahatlığına səbəb olur. Həmçinin Azərbaycan rəhbərliyinin işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə bağlı sistemli təbliğat aparması, beynəlxalq təşkilatların, diplomatik korpus nümayəndələrinin və din xadimlərinin Şuşaya səfər etməsi Ermənistanın daxilindəki bəzi qüvvələri və onların xarici havadarlarını qıcıqlandırır. Onlar anlayırlar ki, Qarabağı artıq tamamilə itiriblər. Bu səbəbdən vəziyyəti gərginləşdirməklə Azərbaycanı hədəflərindən yayındırmağa çalışırlar”.

R.Əhmədovun sözlərinə görə, erməni tərəfinin fəallaşmasının digər səbəbi Azərbaycan rəhbərliyinin “Zəngəzur dəhlizi” ilə bağlı ortaya qoyduğu qəti mövqedir: “Ümumiyyətlə, Ermənistanın daxilində “Zəngəzur dəhlizi” ilə bağlı ciddi fikir ayrılığı var. Zəngəzur bölgəsinin şəhərlərinin rəhbərləri, icma başçıları baş nazir Nikol Paşinyanın siyasətinə qarşı çıxırlar və ona tabe olmaq istəmirlər. Bu səbəbdən Paşinyan həmin şəxsləri müxtəlif ittihamlarla vəzifələrindən çıxarıb həbs edirir. Bu isə Ermənistanda dəhlizə qarşı olan qüvvələri qəzəbləndirir. Digər tərəfdən, Ermənistan ordusunun daxilində müəyyən xarici qüvvələrə bağlı olan qrupların Paşinyana tabe olmaqdan boyun qaçırdığı hər kəsə məlumdur. Məqsəd aydındır, müxtəlif istiqamətdə gərginlik yaradıb prosesi ləngitməyə cəhdlər göstərirlər”. 

R.Əhmədov qeyd edib ki, Ermənistan təxribatçı addımları ilə heç nəyə nail ola bilməyəcək: “Bu cəhdlər boş və faydasızdır. Azərbaycan bütün addımlarını beynəlxalq hüquqa və 10 noyabr bəyanatına uyğun atır. Prezident İlham Əliyev “Zəngəzur dəhlizi” ilə bağlı ortaya qəti mövqe qoyub. Azərbaycan Ermənistanla dövlət sərhəddini beynəlxalq hüquqa əsasən müəyyənləşdirir, dəhlizi isə 10 noyabr bəyanatının müddialarına istinad edərək istəyir. Artıq bir çox erməni ekspertlər də Azərbaycanın öz mövqeyindən geri çəkilməyəcəyinə dair açıqlamalar verirlər. Əgər Ermənistan və onun havadarları regionda sülh istəyirlərsə, 10 noyabr bəyanatının bütün bəndlərində göstərilən öthəlikləri yerinə yetirməlidirlər. Bunun alternativi yoxdur. Ermənistan təxribatçı cəhdlərlə heç nəyə nail ola bilməyəcək”.

Missiya.Az

  • 14-07-2021, 16:06