AZ   |   RU
"İrəvan hakimiyyəti Xankəndidəki separatçıların işlərinə qarışmamaq siyasətini qəbul edib" - Erməni jurnalist

"İrəvan hakimiyyəti artıq müxtəlif səviyyələrdə bəyan edib ki, Ermənistan qondarma rejimin təhlükəsizliyinin təmin edilməsindən tutmuş, Laçın dəhlizinin açılması kimi həssas məsələnin həllində maraqlı deyil. Ermənistan hakimiyyəti Xankəndidəki separatçılarin işlərinə qarışmamaq siyasətini qəbul edib".

Missiya.Az
"Hraparak" nəşrinə istinadən xəbər verir ki, bunu erməni jurnalist Edik Andreasyan deyib.

"Şəxsən mənim fikrimcə, qondarma respublikanın işlərinə qarışmamaq Nikol Paşinyan və onun siyasi qrupunun ən yaxşı qərarıdır. Onlar qarışmasalar, zərər verə bilməzlər və vurduqları zərər də separatçılar üçün ölümcül ola bilməz", - deyə jurnalist vurğulayıb.

Andreasyan bildirib ki, Paşinyan yenidən Xankəndidəki qondarma qrumun daxili işlərinə burnunu soxub və orada, yumşaq desək, siyasi korrektələr etməyə çalışır: "Lütfən, cənab Paşinyana deyin ki, Ruben Vardanyan bu gün qondarma hakimiyyətin faktiki lideri olmasının “fərqində deyil”. Nikol, Arayik Harutyunyan və bir qrup kapitulant Ruben Vardanyanı oradan uzaqlaşdırmağa çalışırlar",- deyə jurnalist əlavə edib.

Andreasyan hesab edir ki,indiki vəziyyətdə  Qarabağın dağlıq hissəsində anarxiyanın qurulması birbaşa Azərbaycana sərf edir. "Paşinyan və Arayik də məhz bunu etməyə çalışır. Onlar bəzi seçkilərdən və yeni hökumətin formalaşdırılmasından danışırlar. Qondarma respublikada yeni seçkilərin təşkili ideyası əbəsdir və heç bir uğur perspektivi yoxdur. Çünki dünyada heç bir təşkilat onların prosesini və nəticələrini müşahidə etmək və təsdiqləmək öhdəliyini üzərinə götürməyəcək. Üstəlik, Ermənistan belə bu seçkilərdə müşahidəçi kimi iştirak edə bilməz", - deyə jurnalist vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 15-01-2023, 19:52