AZ   |   RU
Rusiya sülhməramlılarının son günlərdə sərgilədiyi hərəkətlər öz missiyaları ilə bağlı ciddi şübhələr yaradır- Hikmət Babaoğlu


Son günlər  Rusiya Sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində rus əsgərlərinin jurnalistlərə qanuni vəzifələrini icra etməsinə maneə yaratması və İran vətəndaşlarının olduğu 27 nəfərdən ibarət qrupun qeyri-qanuni Qarabağa keçməsi ölkə gündəmində müzakirələrə səbəb olub. 
 
Missiya.Az Milli Məclisin deputatı Hikmət Babaoğludan son günlər Rusiya Sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində baş verən hadisələrə münasibət öyrənib.
 
Millət vəkili bildirir ki, Azərbaycanın qanuni ərazisində müvəqqəti fəaliyyət göstərən bu missiya öz hərəkətləri ilə sübut edir ki,  üçtərəfli bəyannamə ilə onlar üçün müəyyənləşdirilmiş vəzifələrin öhdəsindən gələ bilmir və missiyadan kənar fəaliyyətlərə yol verir.
 
Hikmət Babaoğlu qeyd edir ki,  hər şeydən öncə missiyanın  ərazilərimizdə yerləşdirilməsinin səbəbi ondan ibarətdir ki, onların yerləşməsinə paralel olaraq erməni silahlı qüvvələri Azərbaycandan çıxarılmalıdır. Ancaq biz indi ərazilərimizdən çıxarılmayan erməni silahlılarının sülhməramlıların arxasında gizlənərək mövqelərimizi atəşə tutmasının və müəyyən təxribatlarının şahidi oluruq.
 
Deputat bildirir ki, Sülhməramlıların mənsub olduğu Rusiya Federasiyasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Azərbaycanın dövlət qrumlarının əməkdaşlarının sülhməramlıların müvəqqəti məsuliyyət zonasından Qarabağa daxil olmasına hər hansı problemlər yaradılması qanunsuzdur. Bu Rusiya Federasiyasının rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.
 
Həmçinin millət vəkili deyir ki, Azərbaycana ölkəmizin iradəsindən kənar, məqsədləri bəlli olmayan üçüncü dövlətin vətəndaşlarının sülhməramlıların postundan Qarabağa qanunsuz daxil olmaları qəbuledilməzdir.
 
Hikmət Babaoğlu Rusiya sülhməramlılarının son günlərdə sərgilədiyi hərəkətlərinin öz missiyaları ilə bağlı ciddi şübhələr yaratdığını deyir.
 
Jurnalistlərin öz qanuni peşə fəaliyyətlərinə maneə yaradılmasının qanunsuz olduğunu deyən deputat,  jurnalistlərin ictimai nəzarətçilər olaraq öz suveren ərazimizdə təbii sərvətlərin erməni icması tərəfindən talanması faktları ilə araşdırmasını düzgün qiymətləndirir.
 
Deputatın fikrincə jurnalistlərimizin tam hüquqları var ki, həmin ərazilərdə hər hansı qanunsuz hallarla bağlı peşə səlahiyyətləri çərçivəsində araşdırmalar aparıb, mövzunu ictimaiyyətləşdirsinlər.
 
Milli məclisin deputatı qeyd edir ki, əgər sülhməramlılar azərbaycanlı jurnalistləri həmin ərazilərə buraxmamaqda inadkarlıq göstərirsə deməli onların bizdən və Azərbaycan ictimaiyyətindən gizlətdiyi nələrisə var. Ekspert haqlı sual edir ki, İran və başqa ölkələrin vətəndaşları, terrorçular, minalar, silah-sursat, sülhməramlıların nəzarət zonasından maneəsiz Qarabağ ərazisinə keçə bildiyi halda azərbaycanlı jurnalistlər və ərazidə ekoloji monitorinq aparmaq məqsədi ilə gələn rəsmilər hansı məqsəd və səlahiyyətlə əraziyə buraxılmır?
 
Qeyd edək ki, dekabrın 3-də Xocalıda, Rusiya sülhməramlı qüvvələrinin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb. Jurnalistlərin isə əraziyə daxil olub öz peşə fəaliyyətlərini icra etməsi üçün problemlər hələ də həll olunmamış qalır.
 
Aqil Musa
Missiya.Az

  • 9-12-2022, 15:16