AZ   |   RU
Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz

Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.  

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ənənəvi olaraq şanlı Zəfərimizin ikinci ildönümünü də Şuşada hərbçilərlə birlikdə qeyd etdi. Hərbçilər qarşısında geniş nitq söyləyən Prezidentimiz tarixi fikirləri ilə bir daha öz böyüklüyünü, əsil Vətən sevgisini, qətiyyətli sərkərdəlik qabiliyyətini, dönməz iradəsini nümayiş etdirdi. Şuşadan dünyaya səslənən dövlətimizin başçısı müharibədən sonrakı dövrdə cərəyan edən proseslərə aydınlıq gətirdi və cəsarətlə bəyan etdi ki, bütün məsələlər yalnız qalib Azərbaycanın diktəsi və razılığı ilə həll oluna bilər. Son dövrlər erməni havadarlarının hədyan çıxışlarına, məkrli siyasətlərinə tutarlı cavab verməklə İlham Əliyev hər şeyi faktlar və sübutlarla ortaya qoydu və bir daha bəyan etdi ki, Azərbaycan oğullarının qanı-canı bahasına qazanılmış tarixi qələbəyə heç kim kölgə sala bilməz. Eyni zamanda erməni vandalizminin ağlasığmaz fəsadlarını qeyd etməklə bəzi erməni dostlarına da layiqli mesajlarını verdi.  Çıxışında Prezident qeyd etdi ki, "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik".

Eyni zamanda cənab Prezident erməni işğalçılarının iç üzlərini bir daha ifşa edərək kimin kim olduğunu, belə vəziyyətdə kimə dost, kimə düşmən deməyi bəzi dövlətlərə öyrətdi. Buna misal olaraq dövlətimizn başçısının çıxışındakı bir məqama diqqət yetirmək yerinə düşər. "Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik".

Sirac Səfərov 

Keşlə Şah Abbas məscidinin imamı






  • 11-11-2022, 19:28