AZ   |   RU
Bu şanlı tarix bizimlə əbədi olacaq

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Vətən Müharibəsindəki tarixi Zəfərin ikinci ildönümünü Şuşada hərbçilərlə birlikdə qeyd etməsi xalqımıza qürurverici anlar yaşatdı. Məhz bu müqəddəs torpaqda şanlı zəfərin son akkordları çalınmış, Zəfər qələbəsi qızıl hərflərlə əbədi həkk olunmuşdur. Qələbənin ikinci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı eyni zamanda geniş nitqində bir sıra məsələlərə aydınlıq gətirmiş, Şuşadan dünyaya yeni mesajlar vermişdir. 

Dövlət başçısı Şuşadakı tarixi çıxışında 44 günlük müharibənin son məqsədinin Şuşanı işğaldan azad etmək olduğunu dedi: “Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”. Dövlət başçısı Zəfər Günü “Zəfər yolu”ndan, onun, necə deyərlər, mahiyyətindən də söz açdı: “Zəfər yolu”cəmi iki ilə yaxındır ki çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb”. Prezidentin bu sözləri, Müzəffər Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrə tam güvəninin, hərbçilərimizin Vətənə sədaqətinə tam əminliyin verdiyi qürur hissinin ifadəsidir. Cəmi 44 gün içində 30 illik işğala son verən müharibənin ilk günündən son gününədək ancaq və ancaq irəli gedən, tək bir gün belə geri addım atmayan Ordumuzun əsil qəhrəmanlığı böyük qürur hissləri yaşadır. 

Şuşa əməliyyatı artıq dünya hərb tarixinə, dərsliklərə düşüb.  “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”!- bu sözlər cənab Prezidentimizin tarixi Qələbəyə verdiyi ən böyük qiymətdir.

Bu birlik olmasaydı, tarixi Zəfər də çətin olardı. Dillərdə dastan “Dəmir Yumruq” deyimi yalnız gücü, qüdrəti deyil, birliyimizi və ədalətin təntənəsini də ifadə edir. Məhz “Dəmir Yumruq” hesabına tarixi missiyasımızı uğurla yerinə yetirdiyimiz bilinən həqiqətdir.

Müharibə iki il öncə başa çatıb. Ancaq müharibənin ağır fəsadlarının aradan qaldırılmasına daha neçə illər lazım olacaq. 30 illik işğalın ağır fəsadları, müharibənin özü və bütün bunlara baxmayaraq, bu gün işğaldan azad olunmuş ərazilərdə böyük süətlə quruculuq işləri aparılır. Güclü iqtisadiyyatın, vətəncanlılığın, dövlət-xalq birliyinin, ali dövlət rəhbərliyinə sarsılmaz inamın hesabına və sırf daxili imkanlar hesabına genişmiqyaslı tikinti-quruculuq işləri aparılması dövlətimizin qüdrətinin göstəricisidir. 

44 günlük müharibə və tarixi Zəfər bir çox gerçəklikləri, həqiqəti dünyaya bəyan etdi. Zəfərə aparan yol ölkəmizdə milli həmrəyliyi daha da gücləndirdi, gücümüzə güc qatdı.  Cənab Prezidentimizin sözləri ilə desək: “Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir”.


Dilqəm Əlirzayev  
Nizami rayon 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı


  • 11-11-2022, 19:18