AZ   |   RU
Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun doğum günüdür - Video

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Yuri Kovalyovun doğum günüdür.

Missiya.az
xatırladır ki, Yuri Petroviç Kovalyov 29 may 1965-ci ildə Göyçay rayonunda anadan olub.
O, 1990-cı ildə Daxili İşlər Nazirliyinin tabeliyindəki xüsusi polis bölmələrinin sıralarına qoşulub və tez-tez Qarabağa ezamiyyətə gedib. Qəhrəmanlığı və cəsarəti sayəsində qısa müddətdə Kovalyov əfsanəyə çevrilib və ermənilər onun başı üçün mükafat təyin ediblər.

Yuri və silahdaşları ən qanlı döyüşlərdə vuruşublar və ən çətin tapşırıqları yerinə yetiriblər.

Yuri 26 yaşında 1991-ci il oktyabrın 3-də Xocavənd bölgəsində erməni işğalçıları ilə döyüşdə snayper gülləsinə tuş gəlib. Şəhidin iki qız övladı qalıb.
“ Qarabağ – mənim işim, mənim acılarım, mənim kədərim. Tanrı bizi qorusun”. Bu sözlər Azərbaycanın milli qəhrəmanı Yuri Kovalyovun 1990-cu ilin noyabrında anasına yazdığı məktubdandır. O, Azərbaycanı özünün vətəni, Azərbaycan xalqını isə öz ailəsi kimi qəbul edirdi. Yuri Kovalyov həlak olanda qızı Reginanın 2 yaşı vardı, atasını yaxşı xatırlamasa da, anası və nənəsinin danışdıqları, məktubları, şəkil və şəxsi əşyaları sayəsində onu tanıyır: 

“Atam heç vaxt yadımdan çıxmır. Onun qəhrəmanlıqlarını unutmuram. Həmişə bu haqda hər kəsə danışıram. Demək olar hər bazar günü atama baş çəkirəm. Məzarına gül aparıram. Yanında oturub söhbət edirəm.  Bu, mənim üçün çox önəmlidir” –  deyə, Regina atasını xatırlayarkən bunları deyir.

Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli sərəncamı ilə Yuri Kovalyov ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.
Xatırladaq ki, ötən il 229 saylı məktəbdə Milli Qəhrəman Yuri Kovalyovun büstünün açılış mərasimi keçirilib.

Büstün hazırlanmasını və mərasimin təşkilini Nizami rayon İcra Hakimiyyəti və  Missiya Media Qrupu həyata keçirib.

  • 29-05-2022, 13:27