AZ   |   RU
Azərbaycana qarşı yeni məkrli ssenari – 5-ci kolon iş başındadır – ABŞ-ın məqsədi nədir?

Son günlər ölkəmizdəki 5-ci kolonun fəalları ciddi cəhdlərlə cəmiyyətdə sabotaj yaratmağa çalışırlar. Həmin şəxslər guya ölkədə insan haqlarının pozulmasını və onlara qarşı zorakılıq hallarından narahat olduqlarını dilə gətirirlər. Məqsəd aydındır: döblətin gördüyü işlərə kölgə salmaq, insanlar arasında çaşğınlıq yaratmaq və ölkəni əsas hədəflərindən yayındırmaq. Xainliyi öz həyat kredosuna çevirmiş bu şəxslər hətta adi məişət hadisəsindən belə siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar.

Məlum olduğu kimi, başda ABŞ olmaqla Qərbin bir neçə təxribatçı mərkəzi tərəfindən dövlətə qarşı etirazların təşkil edilməsi üçün insan hüquqların müdafiəsi adı altında bu il 970,235 dollar qrant ayrılıb. Heç kəsə sirr deyil ki, dünyanın bir çox ölkələrinə baş vermiş iç qarşıdurmalarının səbəbkarı da elə həmin mərkəzlərdir. Azərbaycanın da daxilində dəfələrlə müxtəlif təxribatlar törətməyə çalışıblar. Lakin hər dəfə uğursuzluğa düçar olublar. Çünki xalqımız bu cür hadisələrin arxasında kənar güclərin dayandığını və əsas məqsədin də dövləti zəiflətmək, ümumxalq həmrəyliyinə xələl yetirmək olduğunu yaxşı bilir.

Bu günlərdə yeni bir kampaniyaya start verilib. Belə ki, 5-ci kolon nümayəndələri jurnalist Aytən Məmmədova ilə bağlı hadisəsini qabardıb, guya insan haqlarının pozulması görüntüsünü yaratmağa çalışırlar. Əslində onların məqsədi 10-12 iyunda Bakıda baş tutacaq formula-1 yarışları öncəsi xarici media nümayəndələrinin diqqətini yayındırmaq və ölkəmiz haqqında əsassız olaraq mənfi rəylərin yaranmasına nail olmaqdır. Diqqət edək: Aytən Məmmədova ilə bağlı baş vermiş hadisəyə ABŞ səfirliyi dərhal reaksiya verdi. ABŞ-ın burada məqsədi həmin xanımı müdafiə etmək deyil, öz məkrli planlarını həyata keçirməkdir. Burada diqqətçəkən məqamlardan biri ABŞ-ın ikiüzlü və qərəzli mövqeyidir. Azərbaycanda hansısa şəxsin xırda məişət hadisəsini qabardan ABŞ, bir neçə gündür ki, Ermənistanda müxalifətin aksiyalarındakı insanlara qarşı polisin qəddar rəftarını görməzdən gəlir. Həmin mitinqlərdə yüzlərlə insanın xəsarət almasına və bir nəfərin ölməsinə baxmayaraq, ABŞ tərəfindən həmin hadisələrə münasibət bildirilməyib. Bütün bunlar bir daha sübut edir ki, ABŞ Azərbaycana qarşı açıq-aşkar qərəzli siyasət aparmaqla məşğuldur.

ABŞ bu gün özünü dünyanın ən demokratik dövləti kimi göstərməyə çalışır. Ancaq hər il ABŞ-da polis tərəfindən zorakılıqla yol verildiyinin və insanların qətlə yetirilməsinin şahidi oluruq. Hətta ABŞ-da qaradərililərə olan mənfi münasibət deyərdik ki, dünyanın heç bir ölkəsində yoxdur. Həmin irqdən olan insanlara qarşı zorakılıq halları hər il artır və onlar çox pis formada aşağılanır. Dünyaya insan haqları dərsi verməyə çalışan ABŞ öz daxilindəki bu problemləri nədənsə “hesaba” almır…

Görünən odur ki, Azərbaycan bölgədə söz sahibinə çevrildikcə və uğurları artdıqca ölkəmizə qarşı qara yaxma kampaniyaları daha da genişlənəcək. Bu kampaniyanın başında da əsasən ABŞ və Qərbdəki ermənipərəst dairələr dayanır. Çünki onlar hələ də 44 günlük müharibədə Azərbaycanın şanlı qələbəsini və Ermənistanın biabırçı məğlubiyyətini həzm edə bilmirlər. Azad edilmiş bölgələrdə surətli şəkildə aparılan abadlıq və yenidənqurma işləri Ermənistanda böyük əks-səda doğurub. Orada görülən işlərə görə Ermənistan əhalisi öz dövlətini mühakimə edirlər. Həmin insanlar bildiriblər ki, bizim dövlətin 30 ilə görə bilmədiyi işləri Azərbaycan 1 il yarıma gördü. Demək ki, düşmənin bağrını yarırıq və bu da düşmənə dost olanları narahat edir. Lakin hansı olanların qurulmasından, hansı ssenarilərin yazılmasından asılı olamayaraq bir şeyi unudurlar ki, Azərbaycan sıradan bir ölkə deyil. Burada xalq həmişə öz dövlətinin, Prezidentinin yanında olub. Bu gün də Azərbaycan Xalq-Dövlət birliyinin təntənəsi yaşanır. Bu gerçəkliyin qarşısında bütün məkrli planlar iflasa məhkumdur.

 
Daşqın Həsənov
Missiya.Az


  • 11-05-2022, 15:45