AZ   |   RU
XTQ-nin ŞUŞASI, ŞHK-nin “Butası” və ya bu şəhərdən çıxıb gedə bilərsiz...

Bu gün azərbaycanlılar 30 ildən sonra avtobusa bilet alıb Şuşaya yola düşdülər. Lap şirin xatirəli keçmişdə olduğu kimi. Əslində, bunu müzakirə etməli, gündəmi Şuşaya illər sonra səfər edənlərin təəssüratlarını qələmə almalıydıq. Təəssüf ki, gündəm ŞUŞA-nın adı ilə bağlı, lakin olduqca xoşagəlməz mövzuyla ləkələndi. Bəli, məhz ləkələndi. Hansı ki, Şuşanın işğalı ilə ləkələnmiş heysiyyatımızı 30 il sonra böyük Zəfərlə təmizləmişdik. Şuşa adı cəmi 4 hərf, 2 hecadan ibarət olsa da onun uğruna özünü fəda edənlərin qanı ilə yazılıb ürəklərə! Məhz buna görə müqəddəsdir, Şuşa adı. Hər daşında, qayasında, torpağında, çəmənində şəhid qanı olduğu üçün müqəddəsdir. 
 
Şuşa zəfərimizin, qələbəmizin rəmzidir! Şuşa şəhid qoxulu xarı bülbülün vətənidir. Ən nəhayətində Şuşa toxunulmazdır! Şuşa adından istifadə edənlər ilk öncə bunun mənəvi haqqını verəcəklərinə öz vicdanları qarşısında and içməlidirlər. Dövlətin, qanunun, mənəviyyatın icazəsi olmalıdır, bunun üçün. Bu gün müzakirə mövzusu olan məsələ bir daha onu göstərdi ki, hər təsadüfi adam ölkənin adını təmsil edəcək tədbirlərdə iştirak etməməlidir. Şən və Hazırcavablar Klubu vaxtilə “Bakılı oğlanlar” komandası adı ilə tarix yazaraq, Rusiya kimi nəhəng bir ölkənin tamaşaçısının rəğbətini qazanmışdı. Onda Azərbaycan məğlub dövlət idi. Buna baxmayaraq, “Bakılı oğlanlar”,  işğalda olan Qarabağı, bütöv Azərbaycanın timsalında layiqincə təmsil edə bildilər və hətta qəzəb, intiqam hissi ilə ermənilərin layiqincə cavabını da verdilər. 30 il sonra qalib dövlətin şən və hazırcavabları necə oldu ki, məğlub ermənilərin hədə-qorxusundan sonra geri çəkildi?

Komandanın adı “Şuşa” idisə, geriyə addım atmağın mümkünsüzlüyü dərk olunmalı idi, axı. Rüsvayçı açıqlama əvvəlcə “Şuşa” adının “Buta” ilə əvəzlənməsi oldu. Sən demə, erməni Rubenin könlündən keçib ki, qalib “Şuşa” komandası ikinci tura keçməsi üçün “Şuşa” adından imtina etməlidir! Erməni ki, erməni! Hər zaman fırıldaqçı və hiyləgər. Və bizim fərarilər anındaca bu təkliflə razılaşıb komandanın adını “Buta” edirlər. Daha sonra Bakıdan Soçidəki Şuşa uğrunda mübarizə başlayır. El qınağı o həddə çatır ki, təsadüfi kapitan Müşfiq yalandan da olsa, “Şuşanı” qaytardıq deyir. Yazdığı ssenarilərdə aktyorlara qadın paltarı geyindirib reytinq qazanmaq bəlkə də ən asan iş ola bilər! Ama Şuşa adından bircə saniyə belə imtina etmək Vətənə və dövlətə xəyanət qədər ağır və bağışlanılmaz cinayətdir. 
 
Tək onu xatırlamaq kifayət edir ki, düz 30 il ermənilər bu adı Azərbaycan xalqının ürəyindən, yaddaşından silə bilmədilər. 30 il bu xalqı Şuşa adından imtina etməyə məcbur qoymaq istədilər, nail ola bilmədilər. Tarixini, təbiətini, sərvətini yerlə yeksan etdilər. Ama bu torpağın oğulları dişiylə, dırnağıyla geri qaytardı Şuşanı da, onun adını da. Şuşa oyun meydanının yox, döyüş meydanının qələbəmizlə yekunlaşan şanlı tarixinin simvoludur. Şuşa oyun predmeti ola bilməz. Şit zarafatlara, əttökən ssenarilərə öyrəncəli Müşfiq Abbasov şəhərini dəyişə bilər. Harda olursa olsun, bu şəhərdə deyəcək yer tapılar ona. Ama erməni hədəsiynən Şuşanın adından bir saniyə belə olsun, imtina edən azərbaycanlının şəhəri artıq BURA ola bilməz. Qorxaq min dəfə ölür, igid isə bir dəfə! 

 
Sizin kimi Şən və Hazırcavab Klounlara (ŞHK) qəhrəman Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) azad etdiyi və qoruduğu Şuşanın adı yaraşmazdı. Bundan sonra nə etsəz də, tərcümeyi-halınıza Şuşa adından imtina edənlər ayaması  yazılacaq. Tarixdə də erməni sözüylə Şuşadan imtina edən azərbaycanlı klounlar  kimi qalacaqsız. Bu arada, bu gün Mədəniyyət Nazirliyi açıqlama yaydı ki, Müşfiq Abbasovun rəhbərlik etdiyi və “Şuşa” adlandırdığı komandanın nazirliyə heç bir aidiyyatı yoxdur. Bu o deməkdir ki, Şuşa adından imtina edənlərdən dövlət də imtina etdi. Eynən Azərbaycan xalqı kimi. Heç olmasa, şəhid ruhlarının müqəddəs abidəsi olan Şuşadan və xalqımızdan üzr istəməyə cəsarət tapın, ya da bütün duzsuz layihələrinizi də qoltuğunuza vurub bu şəhərdən rədd olun! 

Lamiyə Rövşənqızı
Missiya.Az

 

  • 24-01-2022, 18:11