AZ   |   RU
Azərbaycan müxalifətinin Qazaxıstanda “suya düşmüş” arzusu – Radikalların növbəti xaos planı

Gündəmi zəbt edən Qazaxıstan reallığı Azərbaycanda da birmənalı qarşılanmadı. Qardaş qazax xalqına səmimi dəstəyini göstərib, baş verən olaylara ürək ağrısı ilə yanaşanlar da oldu, bu vəziyyətdən istifadə  edib, özünü canıyanan göstərən, əslində isə qrant üçün çarpışan, hər xaosda özünü tapmağa və bu axına qoşulmaq üçün özünə tay-tuş axtaranlar da oldu. Bəli, yəqin ki, təxmin etdiniz. Çünki baş verən proseslərdə Azərbaycan müxalifətinin canfəşanlığını sezməmək mümkün deyildi. Bir növ əlinə girəvə düşən tanıdığımız kiflənmiş simalar Qazaxıstan olaylarının fonunda səs-səsə verən qarğa yığınını xatırladırdı. 

Qazaxıstan hadisələrinin nə ilə başladığına hamımız şahidlik etdik. Qazaxlar qazın qiymətinin  bahalaşmasına etiraz adı altında küçələrə çıxmağa təhrik edildilər. Təbii və başadüşüləndir. Ağır pandemiyanın yaşatdığı fəsadlardan sonra Qazaxıstan hakimiyyəti xalqa uyğun olan addımı atmalı olduğu halda, səssiz və fəaliyyətsiz qalaraq əksinə qiymət artımı ilə bir növ öz xalqına gözdağı vermiş oldu. Cəmiyyət və xalq hakimiyyətdən, hökumətdən və dövlətindən heç bir dəstək görmədikcə ümidlərinin boşa düşdüyünü hiss edib, çarəsiz qaldıqca, daha çox küskün düşürdü. Fürsətçilər də bu vəziyyətdən mümkün qədər istifadə edib öz məkrli planlarını işə salmağa çalışdılar. Bütün bunlar qazax xalqının və dövlətçiliyinin başında çanaq kimi çatladı. Ama bu haqda bir az sonra danışacağıq. İndi gələk bizim müxalifətə. 

Olaylar başlayan ilk andan hadisələri qazax xalqının demokratiya, azadlıq, haqq savaşı uğrunda mübarizəsi kimi qələmə verməyə çalışan bizim kiflənmişlər arzu və məqsədlərinin bu tezliklə suya düşəcəyini yəqin ki, ağıllarına belə gətirmirdilər. 

Bahalaşmaya etirazla başlayan “demokratik qazax üsyanı” bütün dünyanın, eləcə də “bizim kiflənmişlərin” gözləri önündə çox tezliklə terror dalğasına döndü. Baş verən hər bir detal Azərbaycan müxalifətinə uyğun, onların təbirincə, onların ssenarisinə uyğun baş verirdi. Meydana yığışmaq, daha sonra xaos yaratmaq, dağıdıcılıq, aqressiya, radikal addımlar atmaq. Hər şey “bizimkilərin” ürəyindən xəbər verirdi. Sosial şəbəkələrin Azərbaycan seqmetində hətta qazax xalqını demokratiya tələbi, öz haqqını tələb etməsinə görə ən mərd, məğrur, cəsarət simvolu  adlandıranlar da var idi. Çox keçmədi ki, anidən gəlişmələr dəyişdi. Qazax xalqı ayaq altı, tapdalanmış, alçaldılmış vəziyyətə gətirildi. Öz dövlətinin hakimiyyəti qazaxları ayının qarşısına atıb, ona yem etdi. Və elə o andan Azərbaycan müxalifətinin səsi eşidilmədi. İndi də eşidilmir. Küçələrdə öldürümüş sadə qazaxlara görə söz tapmırlar yəqin ki... Ama Nazarbayevin yerə çırpılıb parçalanmış heykəlinə az qala meyxana qoşurdular. 

Ümumiyyətlə, bunlar o adamlardılar ki, hakimiyyətə gəlmək üçün sözün bütün mənalarında hər şeyə hazırdırlar. 

İstənilən xaos, yeknəsəqlik, dağıdıcılıq mövqeyinin nə ilə nəticələnəcəyini bilənlər bu dəfə özləri də mat qalmışdı deyəsən. Dünyanın susduğu kimi, onlar da susmuşdu “demokratiyanın boğulmasına”. 

Qazaxıstanda baş verən olaylar Azərbaycanın 2020-ci illdə yaşadıqlarına az da olsa oxşardır. Elə onda da Azərbaycan müxalifəti şəhidini dəfn edən xalqın acısından istifadə edib xaos yaratmaq istəmişdi. Tam müharibə öncəsiydi. Parlament binası, digər dövlət obyektləri hədəf seçilmişdi. Özlərinə bənzər bir-iki avaradan başqa heç kim təxribata uymadı. Müdrik xalqımız səviyyəsiz, xain müxalifətin fitnəsinə getmədi. Bu xalq öz liderini çoxdan bəlirləmişdi çünki. Həmin hadisələrin səbəbkarları tapıldı da, əhv edildi də. Nə dövlət, nə hakimiyyət xalqı ilə üz-üzə qalmadı. Hətta az sonra səfərbər olub, müharibə də etdi, qalib də oldu! Nə qədər mübaliğəli səslənsə də, əsrin qəhrəman xalqı titulunu qazandı azərbaycanlılar!
Təsadüfi deyil ki, 2022-ci il başlayan kimi vətəndaşlarının sosial rifahını düşünən, həm müharibə təbəqəsi, həm aztəminatlı təbəqənin sosial vəziyyətinin yaxşılaşdırılması üçün əmək haqqı, pensiya və müavinətlərin artırılmasına dair müvafiq proqramlar həyata keçirən Azərbaycan hakimiyyətinə qarşı da hücumları izlədik. 

Ən həssas yerdən vurmağa cəhd etdilər. Azərbaycanın Milli Qəhrəmanının anasının dili ilə öyündüyümüz Azərbaycan ordusunu, ordumuzun rəhbərliyini hədəf götürdülər! Saxta videolar paylaşdılar. Hətta futbol oyunları zamanı azarkeşlərin yaratdığı qələbəliyi belə, “Bakıda qiyam, xalq ayağa qalxdı” adı altında təqdim etməyə çalışdılar. Lakin Dəmir Yumruq birliyini sarsıtmaq yenə nəsib olmadı. Çünki bu dövlət bayrağının da, vətəndaşının da qiymətini gözəl bilir. Dövlətinə, bayrağına  sahib çıxa bilməyənlər, hər kim olursa olsun, hər nə qədər əziz və dost xalq olsalar da, o bayrağı cənab İlham Əliyev demişkən büküb ciblərinə qoysalar, daha yaxşı olar. Qazaxıstan hökuməti bundan betərini edib, xalqına terrorist damğası vurmaqla, siyasi arenada özünü nüfuzdan saldı. Bu türk dünyasının birləşməli olduğu məqamda özünün həm xalqına, həm türk birliyinə ən sarsıdıcı xəyanəti idi. 


Qazaxıstan mitinqlə, qaz davası, demokratiya tələbi ilə küçələrə çıxanlara bunların heç birini vermədi! Qazaxıstan göz görəsi yenidən köləyə çevrildi. 

Bəs biz nə deyirik ki.. Deyirik ki, yaşamasın, imperiya!Yaşasın müstəqilliyimiz, yaşasın birliyimiz!

Lamiyə Rövşənqızı

Missiya.Az



Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.4. (ictimai və dövlət maraqlarının müdafiəsi) hazırlanmışdır.  
 


  • 7-01-2022, 19:58