AZ   |   RU
Arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İfadə verən təqsirləndirilən şəxs B.Məmmədov özünü qismən təqsirli bilib.

Daha sonra mərhumun qardaşı, zərərçəkmiş şəxs qismində ifadə verən Heydər Hacıyev ittiham aktında qeyd olunan hadisənin motivləri ilə razı olduğunu bildirib: "Fevralın 25-i axşam saatlarında bacımın ailəsində münaqişə baş verib. Bacımın ölümlə hədələndiyi və evinin yandırılacağı barədə polisə məlumat verdim. Sonra Bəxtiyarla evdə maarifləndirici söhbətlər etdim. Ancaq mənə bıçaqladı, yerə yıxıldım. Bu zaman anamı da bıçaqladı. Bacımı qətlə yetirəndə huşsuz vəziyyətdəydim deyə görməmişəm".

Mərhumun anası, zərərçəkmiş Fəridə Hacıyeva deyib ki, hadisə baş verməmişdən əvvəl qızı ilə telefonda danışıb: "Bəxtiyar oğlumu bıçaqlayandan sonra mənə hücum edib sinəmdən bıçaqladı, sonra qızımı öldürdü".

Zərərçəkmiş Elnar Hacıyev məkəmədən qızını öldürməkdə təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini xahiş edib.
Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, B.Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirmiş, nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb. B.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


  • 8-07-2022, 15:18