AZ   |   RU
Azərbaycan Qlobal Rəqəmsal Biznesə Dəstək Reytinqində 60-cı yerdə qərarlaşıb

Asiya İnkişaf Bankının (ADB) Rəqəmsal Mühitlər və Sahibkarlar üçün Dəstək Sistemlərinin Qlobal Reytinqində Azərbaycan 100 baldan 25,5 balla 113 iqtisadiyyat arasında 60-cı yerdədir.

Missiya.Az
xəbər verir ki, bu barədə "Asia Development Outlook 2022" (ADO) yenilənmiş hesabatının bir hissəsi kimi bu gün dərc olunan indeksdə deyilir.

Yeni hazırlanan indeksə əsasən, Asiyanın inkişaf etməkdə olan ölkələrinin beşdə dördü sonuncu yerdə qərarlaşıb.
Qlobal reytinqə görə, 81,3 balla Sinqapur dünyanın ən yaxşı rəqəmsal mühiti və sahibkarlar üçün dəstək sisteminə malikdir. İkinci yerdə ABŞ (79,7 balla), üçüncü yerdə İsveç (79,6 balla) qərarlaşıb.

Reytinqdə ADB-nin inkişaf etməkdə olan 21 üzvü yer alıb ki, bunlardan Nepal 11,5 balla sonuncu yerdədir.

“21 inkişaf etməkdə olan Asiya iqtisadiyyatından 17-si reytinqin ən sonunda yer alır ki, bu da onların bir çoxunun rəqəmsal sahibkarlığı inkişaf etdirməsinə ehtiyac olduğunu göstərir", - deyə hesabatda deyilir.

İndeks rəqəmsal sahibkarlıq üçün mühitin keyfiyyətini səkkiz sahədə rəqəmsallaşma səviyyəsinə baxaraq ölçür: mədəniyyət, institutlar, bazar şəraiti, infrastruktur, insan kapitalı, bilik, maliyyə və şəbəkələr.

ADB hesab edir ki, genişzolaqlı şəbəkələr kimi rəqəmsal infrastruktura sərmayə qoymaqla yanaşı, hökumətlər siyasi sabitliyi, güclü hüquqi sistemləri, açıq və rəqabətli bazarları və güclü mülkiyyət hüquqlarını təşviq etməlidirlər: "Qanunun aliliyinin müəssisələrin innovasiyalaşmasına müsbət təsir göstərərkən, eyni zamanda, cəmiyyətdəki korrupsiyanın azalması bazara yeni sahibkarların daxil olmasının artması ilə əlaqələndirilir".
Reytinqə əsasən, Azərbaycanda mədəniyyət və qeyri-formal institutlar sahəsində rəqəmsallaşma səviyyəsi 39,9 bal, formal institutlar, tənzimləmə və vergitutma - 31,2 bal, bazar şəraiti - 17,1 bal, fiziki infrastruktur - 28,2 bal, insan kapitalı - 40,7 bal, biliklərin yaradılması və yayılması - 26,1 bal, maliyyə - 15,4 bal, şəbəkələr və dəstək - 23,5 balla qiymətləndirilib.

Cənubi Qafqaz ölkələrindən Gürcüstanda mədəniyyət və qeyri-formal institutlar sahəsində rəqəmsallaşma səviyyəsi 28,5 bal, Ermənistanda 27,6 bal, formal institutlar, tənzimləmə və vergitutma sahəsində 59,3 bal (28,5 bal), bazar şəraiti - 18,8 bal (19,4 bal), fiziki infrastruktur - 32 bal (25 bal), insan kapitalı - 20,1 bal (32,1 bal), biliklərin yaradılması və yayılması - 22 bal (28,9 bal), maliyyə - 37,3 bal (27,6 bal) , şəbəkələr və dəstək - 22,6 balla (24,1 bal) dəyərləndirilib.

Bankın iqtisadçıları, rəqəmsallaşmanın Asiya-Sakit okean regionunda biznesin inkişafı üçün böyük imkanlar təqdim etdiyinə inanır. O, innovasiyaların hərəkətverici qüvvəsidir və yüksək gəlirli ölkə statusuna nail olmağa çalışan iqtisadiyyatın açarıdır. Həmçinin, rəqəmsal texnologiyanın bir çox müəssisəyə COVID-19 pandemiyasından çıxmağa yardımcı olduğu və biznesə başlama xərclərini aşağı salmaqla inklüziv inkişafı təşviq etdiyi kimi iqtisadiyyatı daha dayanıqlı vəziyyətə gətirə bilər.

“Rəqəmsal sahibkarlıq COVID-19 pandemiyası zamanı iqtisadiyyatın ayaqda qalmasına kömək edib və pandemiyadan sonrakı dünyada artımın və innovasiyaların əsas hərəkətverici gücü olabilər. Asiyada rəqəmsal sahibkarlar üçün mühit son bir neçə ildə əhəmiyyətli dərəcədə yaxşılaşsa da, hələ də təkmilləşdirmə üçün çox addım atılmalıdır”, - ADB-nin baş iqtisadçısı Albert Park bildirib.

Bütövlükdə Asiya-Sakit Okean regionunda rəqəmsal sahibkarlığın inkişafına gəlldikdə, dəstəklənməyən mədəniyyət ən zəif nöqtələrdən biridir.
Buna misal olaraq, sahibkarların iqtisadi tərəqqidə oynadığı mühüm rolu ictimaiyyətin dərk etməməsi göstərilir.
Bunu dəyişdirməyin bir yolu maarifləndirmə yolu ilə sahibkarlıq haqqında ictimai təsəvvürün yaxşılaşdırılmasıdır.
Xatırladaq ki, ADB 1966-cı ildə yaradılıb və 49 regiondan 68 üzvü var.


  • 21-09-2022, 12:40