AZ   |   RU
Antalya toplanışını “Kəpəz” məğlubiyyətsiz, “Şamaxı” qələbəsiz başa vurub

Azərbaycan klubları “Kəpəz” və “Şamaxı” Türkiyədəki təlim-məşq toplanışında son yoxlama oyunlarına çıxıblar.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, gəncəlilər Qazaxıstan təmsilçisi “Kaysar”la, şamaxılılar isə Serbiya “Napredak”ı ilə üz-üzə gəliblər.

Antalyadakı ilk iki görüşündə məğlub olmayan “Kəpəz” yenə meydanı qələbə ilə tərk edib. Ahmed Ayzayanın 19 və 50-ci, Mate Kvirkviyanın isə 48-ci dəqiqədə vurduğu qollar sayəsində Premyer Liqa komandası rəqibini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

“Şamaxı” isə son matçında da qələbə qazana bilməyib. “Napredak” son dəqiqələrdə vurduğu yeganə qol sayəsində Azərbaycan klubunu 1:0 hesabı ilə üstələyib.

Bununla “Kəpəz” və “Şamaxı” Antalya toplanışını başa vurublar. Gəncə klubu ilk iki yoxlama görüşündə “MTK Budapeşt”ə (Macarıstan – 1:0) qalib gəlib, “Novi Pazar”la (Serbiya) qolsuz bərabərə qalıb. “Şamaxı” isə birinci sınaq matçında “Kəpəz”in bugünkü rəqibi “Kaysar”la heç-heçə (0:0) edib.

“Şamaxı”nın “Botoşani” (Rumıniya) ilə oyunu rəqib 1:0 hesabı ilə öndə olarkən güclü yağış səbəbindən 70-ci dəqiqədə yarımçıq dayandırılıb.


  • 18-01-2023, 17:59