AZ   |   RU
Qalib ölkənin idmançıları bundan sonra da bütün yarışlardan qalib kimi qayıdacaqlar


Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da əldə olunan inkişaf Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun tərəfindən idmanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində qısa bir müddətdə böyük uğurların təməli qoyuldu. Gənclər və İdman Nazirliyi yaradıldı.

Olimpiya İdman Kompleksləri açıldı. Azərbaycan idmançıları uğurlara imza atmağa başladılar.   

Dahi rəhbər çıxışlarının birində demişdi: “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edirlər, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar.

Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.

Bu gün Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin ölkədə idman sahəsinə xüsusi qayğısı nəticəsində Azərbaycanda idmanın kütləviliyi təmin olundu və bu sahənin inkişafına xüsusi diqqət yetirildi. Bu qayğının nəticəsidir ki, Azərbaycanda dünya şöhrətli idmançılar yetişdi. 

Artıq həm Bakıda, həm də bütün bölgələrdə müasir olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. 2000-ci ildən idmançılarımız Yay Olimpiya Oyunlarında uğurla iştirak edir və qələbə qazanırlar. Azərbaycan bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Artıq respublikamız bu sahədə dünyanın aparıcı ölkələrindən biri hesab olunur. 2022-ci ildə respublika üzrə idmançılarımız beynəlxalq yarışlarda 300-ə yaxın qızıl olmaqla 800-dən çox medal qazanıblar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvar ayının 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə demişdi: “Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar.

Beynəlxalq yarışlar arasında xüsusilə 5 il əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu bir daha Azərbaycanın gücünü təsdiqləyir və göstərir ki, Azərbaycan idmanının inkişafı ardıcıl xarakter daşıyır”.

Artıq iki ildir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad edib. Bu gün o müqəddəs, doğma torpaqlarımızda abadlıq-quruculuq işləri gedir. Öz yurd-yuvalarından didərgin düşmüş insanlar ata-baba məskənlərinə qayıdırlar. Bu yerlərdə həyat qaynayır. 

Azad edilmiş ərazilərimizdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilib. Bu ərazilərdə də idmanın inkişaf etdirilməsi üçün Olimpiya İdman Komplekslərinin yaradılması nəzərdə tutulub. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azad edilmiş bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir”.

Azərbaycanda ötən illər ərzində onlarla beynəlxalq turnirlər, mötəbər idman yarışları, Avropa çempionatları keçirilmişdi. Bu yarışların cənab Prezidentimiz tərəfindən şəxsən birbaşa zaldan izlənməsi idmançılarımızı daha böyük qələbələrə ruhlandırmışdı. 

Qürurla deyə bilərik ki, Abşeron idmanına da dövlətimiz və şəxsən cənab prezidentimiz İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilib.

Belə ki, 2017-ci ildə Xırdalan şəhərində Olimpiya İdman Kompleksi istifadəyə verilib. Kompleksdə idmanın müxtəlif növləri üzrə bölmələr fəaliyyət göstərir. Göstərilən qayğının nəticəsidir ki, Abşeron rayonunun idmançıları respublika yarışlarından və beynəlxalq yarışlardan medallarla qayıdırlar.

Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimin sonunda 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya mənzil bağışladı. Çox sevindirici haldır ki, mükafatçılar arasında Abşeron Taekvondo məktəbinin yetirməsi, gənclər arasında dünya çempionu, V İslam Həmrəyliyi Oyunlarının gümüş və böyüklər arasında dünya çümpionatının gümüş mükafatçısı Cavid Ağayev də var. 

Qalib ölkənin qürurlu idmançıları bundan sonra da bütün yarışlardan qalib kimi qayıdacaqlar.

Əsgər Əmirəliyev
Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi


  • 15-01-2023, 13:03