AZ   |   RU
Azərbaycan Badminton Federasiyası daha bir tarixi uğura imza atıb

İtaliyanın paytaxtı Roma şəhərində Avropa Ədalətli Oyun Hərəkatının (European Fair Play Movement) təşkilatçılığı və İtaliyanın Ədalətli Oyun Milli Komitəsinin dəstəyi ilə "The European Fair Play Plaque of Merit and Diploma" mövzusunda Beynəlxalq Olimpiya Komitəsinin Avropa Ədalətli Oyunlar Hərəkatının mükafatlandırılma mərasimi keçirilib. 

Missiya.Az
xəbər verir ki, Azərbaycan Badminton Federasiyası “Ədalətli Oyun Ruhu” nominasiyasında qalib gələrək təltif olunub. 

Qeyd edək ki, bu mükafat Azərbaycana təqdim olunmuş ilk “Fair Play” mükafatıdır. Mükafat Azərbaycan Badminton Federasiyasının marketinq meneceri Aydan Məmmədhəsənovaya təqdim olunub.

Mükafatlandırma mərasimi zamanı bildirilib ki, Azərbayanda badmintona olan maraq gündən-günə artır. İnklüzivlik və para-badminton istiqamətləri, eləcə də cəzaçəkmə müəssisələrində badmintonun təbliği federasiyanın prioritet istiqamətlərindən biridir.

Azərbaycan Badminton Federasiyası etik dəyərlər və ədalətli oyun ideyalarının qorunmasındakı təşəbbüslərinə görə Avropa Ədalətli Oyun Hərəkatının mükafatına layiq görülüb. Federasiya cəzaçəkmə müəssisələrində reallaşdırılan tədbirlər, eləcə də inklüziv və para-badmintonun inkişafı istiqamətində həyata keçirdiyi layihələrə görə bu nominasiya üzrə mükafatlandırılıb.

  • 7-11-2022, 11:45