AZ   |   RU
İlham Əliyev: “Rusiya ilə ikitərəfli münasibətlərin dinamikası bizi çox sevindirir”

Prezident İlham Əliyev Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş zamanı bildirib ki, Rusiya ilə ikitərəfli münasibətlərin dinamikası bizi çox sevindirir.

“Biz il ərzində fəal şəkildə dialoq aparmışıq, görüşmüşük, telefonla danışmışıq. İkitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir”, - deyə İlham Əliyev bildirib.

Prezident İlham Əliyev hesab edir ki, iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşların əməkdaşlığı olaraq dəyərləndirilməlidir: “Bu, təkcə söz xatirinə deyilmir, həqiqətən də belədir. Biz bütün istiqamətlərdəki qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da artırmaq əzmindəyik”.


Prezident iki ölkə arasında ticarət dövriyyəsinin artmasını, iqtisadi əməkdaşlığa həm də işgüzar dairələr tərəfindən qarşılıqlı marağın duyulduğunu qeyd edib:

“Əlbəttə ki münasibətlərimizin bir çox sahələri əhatə etməsi bizi çox sevindirir. Hazırda iqtisadiyyat, nəqliyyat, humanitar əməkdaşlıq kimi sahələrin böyük əksəriyyətinə dair yeddi yol xəritəsini həyata keçiririk”.

“Azərbaycanda rus dilinin təbliği və s. gördüyümüz işlərin qiymətləndirilməsinə görə minnətdarıq. Həmçinin Rusiyada azərbaycanlı tələbələrin təhsil almaları üçün yaradılan şəraitə görə təşəkkür etmək istərdim”, – deyə İlham Əliyev vurğulayıb.
Mənbə: Rusiya KİV


  • 26-11-2021, 17:48