AZ   |   RU
Proqmatik siyasət, aydın hədəf, qalib Ordu - İlham Əliyevin qələbə strategiyası

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu.

Azərbaycan Ordusunun Vətən Müharibəsindəki rəşadətini və Prezident İlham Əliyevin siyasi və diplomatik manevrlərini Missiya.Az-a şərh edən ehiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində dünya Azərbaycanı beynəlxalq hüquqa hörmət edən dövlət kimi tanıdı: “Azərbaycan dözümlülük nümayiş etdirdi ki, Minsk Qrupu məsələni sülh yolu ilə həll etsin. Amma Ermənistan barədə bunu demək olmaz. Prezident Aprel döyüşlərindən sonra demişdi ki, Azərbaycanla Ermənistanı təkbətək qoysalar, Ordumuz qısa bir zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyümüzü təmin edə bilər. Bəlkə də Aprel döyüşləri Vətən Müharibəsinin sınaqdan keçirilməsi idi. Bizi hansı maneələr, risklər gözlədiyini müəyyənləşdirdik. Bu riskləri minimuma endirmək çox böyük müdriklik, siyasətdə təcrübə, nüfuz tələb edirdi. Prezident bu riskləri müəyyənləşdirdi və aradan qaldırdı. Tovuz hadisələrindən sonra Prezident İlham Əliyev açıq hücum diplomatiyasına keçdi. Ölkə başçısı bildirmişdi ki, mən bilirəm, nə vaxt nə etmək lazımdır. Biz doğurdan da onu gördük. Prezident məqamı gözlədi və yetişdirdi”.  

Prezident İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan Ordusunun ən müasir silahlarla, avadanlıqlarla təchiz edildiyini deyən Şair Ramaldanov bildirib ki,  ölkəmiz müasir, 21-ci əsrin tələblərinə cavab verən müharibə apardı: “Ümumiyyətlə, Azərbaycan uşaqları, gəncləri Birinci Qarabağ Müharibəsindən bəri vətənpərvər ruhda böyüyüb. Xalqımız işğalla barışmadı və cəmiyyətimiz torpaqlarımızı azad etməyə tam hazır idi. Müasir silahlarla təchiz olunmuş, peşəkar şəxsi heyətlə təmin olunmuş, daim təlimlərdə iştirak edən Ordu, artıq əmr gözləyirdi. Nəhayət Azərbaycanda Vətən Müharibəsi başladı. Bu müharibə ən son hərbi texnologiyaya aid silahları dünyaya təqdim etdi. Bunu bütün dünyada belə qəbul edirlər. Böyük dövlətlər 44 günlük müharibənin təhlilini aparırlar. Vətən Müharibəsi yeni hərbi elmin inkişafına təkan verdi. Biz dünyaya Azərbaycan Ordusunun texnoloji baxımdan da nəyə qadir olduğunu göstərdik”.

Polkovnikin sözlərinə görə, Azərbaycan xalqı və bütün dünya Prezident İlham Əliyevin sərkərdəlik bacarığını gördü: “Biz Prezident İlham Əliyevin siyasətçi, rəhbər, Ali Baş Komandan kimi tanıyırdıq. Ancaq Vətən Müharibəsi zamanı biz Prezident İlham Əliyevi bir sərkərdə kimi tanıdıq. Ölkə başçısı Vətən Müharibəsi zamanı bütün qərarları özü verirdi. Prezidentin bu məharəti nəticəsində mərkəzdən idarə olunan Ordu, əlbəttə, verilən əmrləri peşəkarlıqla icra etdi və Azərbaycanı zəfərə apardı. 44 gün ərzində düşmən Azərbaycan torpaqlarından qovuldu. Prezident müdrik siyasət həyata keçirdi və düşməni Ağdam, Kəlbəcər, Laçın kimi relyefi çətin olan rayonlar heç bir döyüşsüz, güllə atılmadan təhvil verməyə məcbur etdi”.

Şair Ramaldanov bildirib ki, Ordumuz bizi qələbəyə yaxınlaşdırırdı: “Ölkə başçısı Azərbaycan Ordusunun müasir texnikalardan, silahlardan istifadəni təkminləşdirməsi üçün təlimlərdə iştirakına şərait yaradırdı. Ordumuzun şəxsi heyəti müasir silahları istifadə etmək üçün xüsusi təlimlər keçirdilər, Silahlı Qüvvələrə yeni kadrlar cəlb olundu. Azərbaycan Ordusu həmişə istər NATO ölkələri arasında, istərsə də, post-sovet məkanında keçirilən beynəlxalq hərbi yarışlarda yüksək nəticələr göstərib. Ordumuzun peşəkarları həmişə seçilirdilər. Məsələn, Rusiyada keçirilən hərbi oyunlarda tankçılarımız, topçularımız finala çıxmışdı. Bundan başqa, Azərbaycanın xüsusi təyinatlıları müharibədən 1 il öncə Türkiyədə 28 dövlətin iştirak etdiyi hərbi yarışda birincilik əldə edib. Bu göstəricilər Azərbaycan Ordusunun peşəkarlığını bir daha nümayiş etdirirdi. Hələ biz Azərbaycan Ordusunun rəşadəti, qəhrəmanlığı haqqında məlumatlara kitablarda, elmi əsərlərdə, mahnılarda, şeirlərdə çox rast gələcəyik. Yəqin ki, bununla bağlı işlər aparılacaq. Prezident İlham Əliyevin rəhbərliyi altında məhz belə güclü Ordu yaranmalı idi. Azərbaycan Ordusu Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələri böyük əzmkarlıqla yerinə yetirdi”.

Elvin Məmmədov
Missiya.Az



Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanmışdır. 

  • 19-07-2021, 11:55