AZ   |   RU
Nizami rayonunda daha bir şəhid barelyefinin açılışı olub - VİDEO
 
NİZAMİ RAYONUNDA ŞƏHİD CAVİD MANAFOVUN BARELYEFİNİN AÇILIŞI OLUB

44 günlük Vətən Müharibəsində şəhid olmuş Manafov Cavid Faiq oğlunun yaşadığı binada barelyefinin açılışı mərasimi olub.
Tədbirdı əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra şəhidin anası Natəvan İbrahimova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov, Nizami Rayon İcra Hakimiyyətindən Rauf Mehtiyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, eləcə də şəhidin təhsil aldığı məktəbin və universitetin kollektivi, döyüş yoldaşları, müəllimələri və başqaları şəhid haqqında xatirələrini, onun igidliyi, şücaəti barədə danışıblar. Qeyd edilib ki, o, müharibə başladığı gündən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. 31 oktyabr 2020-ci il tarixində batareya komandirini və digər döyüş yoldaşlarını xilas edərkən ağır yaralanıb. 7 noyabr 2020-ci il tarixində şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Qeyd edilib ki, şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.

Sonra barelyefin açılışı olub, önünə gül dəstələri düzülüb.

Sonda şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, barelyev YAP Nizami Rayon Təşkilatı və Missiya Media Grupun birgə dəstəyi ilə hazırlanıb.


 

  • 12-07-2021, 17:21