AZ   |   RU
Məlahət İbrahimqızı YAP Nəsimi RT sədri vəzifəsindən getdi - “Haqqınızı halal edin…”

Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri, Milli Məclisin Deputatı Məlahət İbrahimqızı özünün Facebook səhifəsində tutuduğu vəzifədən getdiyini bildirən status paylaşıb.

Qeyd edək ki, iyunun 21-də YAP Nəsimi Rayon Təşkilatının konfransı keçirilib. Hakim Partiyanın son Qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin Parlamentdə təmsilçilik də daxildir.

Qarşıdakı günlərdə YAP-ın digər rayonlarında da konfranslar keçiriləcək.

Missiya.Az Məlahət İbrahimqızının statusunu olduğu kimi təqdim edir:

“Əziz Dostlar,

Dəyərli Siyasi Həmfikirlər,

Dünən bizim YAP Nəsimi rayon təşkilatının XI hesabat konfransımız oldu. Çox sağ olun, hər biriniz fəal iştirak etdiniz. Biz 16 il birgə çalışdıq. Biz birlikdə, bir ailə kimi Ulu Öndərimizin qurduğu, əvəzedilməz Liderimiz və Prezidentimiz möhtərəm cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın Nəsimi rayon təşkilatında fəaliyyət göstərdik. Hər biriniz və hər birimiz çalışdıq ki, dövlətimizə və dövlətçiliyimizə ləyaqətlə xidmət edək. Siyasi məsuliyyətimizi və vəzifə borcumuzu vicdanla yerinə yetirməyə çalışdıq. Dünənki konfransımızda rayon təşkilatımızın ünvanına  çıxış edənlər, xüsusən də YAP Mərkəzi Aparatın rəhbəri hörmətli Tahir Budaqov çox yüksək səviyyədə və dəyərli fikirlər səsləndirdi. Fürsətdən istifadə edib bir daha mənə beş dəfə etimad göstərib  Millət Vəkili seçilməyimə  etdikləri böyük etimada görə YAP -ın sədri , Müzəffər Ali Baş Komandanımız və Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidentimiz möhtərəm Mehriban xanım Əliyevaya minnətdarlıq edirəm.  

YAP Mərkəzi Aparatın rəhbəri hörmətli Tahir Budaqovun səsləndirdikləri bu fikirlər və münasibət YAP Nəsimi təşkilatının hər bir üzvünə aid idi. Bu gün dövlətimiz özünün intibah dövrünü yaşayır. Eləcə də Partiyamız özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Ölkəmizdə total islahatlar həyata keçirilir. Əminik ki, YAP Nəsimi təşkilatı bundan sonra da birinciliyini qoruyacaqdır.

Qiymətli Dostlar,

Bəlkə də bəzən Sizə qarşı haqsızlıq və ya biganə olmuşam…Buna görə də Sizin hər birinizdən üzr istəyirəm. Haqqınızı halal edin.

Bizim  bundan sonra Sizlərlə münasibətimiz Nəsimi rayonundan seçilmiş, daha doğrusu seçdiyiniz millət vəkilinizlə olacaqdır. Amma hər zaman Sizlərə borcluyam. Harada olsaq yenə də dövlətimizə və Liderimizə xidmət edəcəyik.  

Hər birinizə sonsuz təşəkkürlər, can sağlığı, hörmətlər və uğurlar arzulayıram. Allah Sizi , bütövlükdə Xalqımızı və Vətənimizi qorusun. Amin”.


 

 

  • 22-06-2021, 14:50