AZ   |   RU
İranın Suriyadakı milyardları bata bilər - Araşdırma


İranın fars-molla rejiminin özü kimi cinayətkar Suriya rejiminə milyardlarla dollar yardım etməsi barədə “Azad İran” kanalı araşdırma aparıb.

Missiya.Az həmin araşdırmaya istinadən xəbər verir ki, Tehranın son 12 ildə Dəməşqə milyardlarla dollar pul qoyduğunu nəzərə aldıqda, aydın olur ki, İran hakimiyyətinin Bəşər Əsəd rejiminə hərtərəfli dəstəyinin və Suriyadakı hərbi-siyasi mövcudluğunun ölkə və onun vətəndaşları üçün elə bir iqtisadi səmərəsi yoxdur.

Beynəlxalq mediada İran hakimiyyətinin öz xalqının boğazından kəsib Dəməşqdə xərclədiyi vəsaitin məbləği barədə müxtəlif məlumatlar yayılıb.

Bildirilib ki, son illər bununla bağlı ən geniş rezonans doğuran açıqlama İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sabiq sədri Hişmətullah Fəlahətpişə tərəfindən verilib.

Nüfuzlu “Etimad” qəzetinə geniş müsahibəsində o, belə deyib: “Biz Suriyaya 20-30 milyard dollar pul vermişik, onu Suriyadan geri almalıyıq, çünki orada xərclənən pul bu millətin puludur”.

Lakin son günlər üzə çıxan bir gizli sənəd İranın Suriyaya verdiyi pulun məbləğinin sabiq Komissiya sədrinin söylədiyindən də çox olduğunu göstərir. Bir neçə gün əvvəl Xalq Mücahidləri Təşkilatına dair “Qiyam ta sərnequni”, yəni “Devirməyə qədər qiyam” adlı haker qrupu İran Xarici İşlər Nazirliyinin saytını və informasiya bazasını ələ keçirdiyini açıqlayıb. Nazirliyin sözçüsü Nasir Kənani də qurumun saytına kiber hücum olduğunu təsdiqləyib.

Daha sonra haker qrupu ələ keçirdiyi məxfi sənədləri özünün Teleqram kanalında dərc etməyə başlayıb. Onlardan biri – 2021-ci ilin oktyabr ayında Xarici İşlər Nazirliyinin Orta Şərq və Şimali Afrika üzrə ikinci idarəsinin hazırladığı “Ali Milli Təhlükəsizlik Şurasında Suriyanın istəklərinin müzakirəsi” adlı sənəd xüsusi maraq doğurur. Həmin sənəddə Suriyanın İrana borcunun 50 milyard dollara çatdığı qeyd edilir.

İranda rejim əleyhinə səngimək bilməyən nümayişlərdə xalq kütlələri haqlı olaraq “Suriyanı yox, bizim halımızı düşün” şüarları ilə etirazlarını bildirirlər.

Zərintac Mayisqızı
Missiya.Az





  • 16-05-2023, 10:59