AZ   |   RU
Honda uşaq sığınacağının sakinlərinə kompüterlər hədiyyə etdi


“Bella Pizza” və “Neftçi” klubunun təşkilatçılığı ilə Binə qəsəbəsindəki “Ümid yeri” uşaq sığınacağının sakinləri ilə görüş keçirilib.

Missya.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bella Pizza” restoranında təşkil olunan görüşə sığınacağa məskunlaşmış 20-dək uşaq qatılıb.

Tədbir zamanı “Neftçi”nin dünyaca məşhur futbolçusu Keysuki Honda uşaqlarla görüşərək, onların suallarını cavablandırıb, həyat təcrübəsini bölüşərək, birlikdə şəkillər çəkdirib. Yaponiyalı yarımmüdafiəçi “Bella Pizza”nın hədiyyə etdiyi topları imzalayaraq uşaqlara təqdim edib.

Bundan əlavə, futbolçu uşaqlara 10 ədəd masaüstü kompüter hədiyyə edib. Onların sığınacaqda kompüterdən istifadə etmələri üçün 1 il müddətinə xüsusi müəllim ayrılıb ki, bununla bağlı bütün xərcləri də Honda qarşılayacaq. Futbolçu uşaqların qidalanması üçün ərzaq yardımı da göstərib.

Sığınacaq tərəfindən isə uşaqların hazırladığı kiçik xalça yaponiyalı ulduza hədiyyə edilib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.



























  • 31-05-2021, 15:08