AZ   |   RU
Səfirliyimizə qanlı hücum İran hakimiyyətinin məsuliyyətsizliyidir
 
Son zamanlar İranla Azərbaycan arasında əsən soyuq küləklər, münasibətlərdəki gərginlik özünü media subyektlərində açıq-aydın göstərirdi. Lakin son günlərin səssizliyini bu gün Azərbaycanın İrandakı səfirliyində baş verən insident pozdu. İranın məsuliyyətsizliyi səbəbindən bir vətədaşımız şəhid oldu. Bu hadisənin baş verməsi güneyli soydaşlarımızın etirazlarını daha da gücləndirə və iki ölkə arasındakı münasibətləri gərginləşdirə bilər. Bəs belə bir halın baş verməsində günahkar, əsas səbəbkar kimdir? İran hakimiyyəti hadisə baş verən ərazini niyə qoruya bilmədi?
 
Məsələ ilə bağlı Missiya.Az-a açıqlama verən siyasi ekspert Tural İsmayılov bildirdi ki, istənilən halda Azərbaycan diplomatlarına, konsulluqlarına qarşı həyata keçirilən bu hücumlar, səfirliklərimizin yerləşdiyi ölkələrin məsuliyyətsizliyini ortaya qoyur:

“Daha əvvəl Livanda, Fransada və ABŞ-da konsulluqlarımıza qarşı həyata keçirilən hücumların cavabdehlərinin cəzalandırılması, eyni zamanda bu proseslərin arxasında kimlərin dayanması ilə bağlı dəqiq bir məlumat verilməmişdir. Bu gün isə İranda belə bir hadisənin baş verməsi Azərbaycanla İran arasındakı münasibətlərin gərginlik fonundan sakitlik fonuna keçdiyi indiki dövrdə ciddi suallar doğurur. Hesab edirəm ki, İranın təhlükəsizlik orqanları mütləq şəkildə Azərbaycan Səfirliyinin təhlükəsizliyinin qorunması üçün daha böyük səylər göstərməlidir”.
 


Tural İsmayılov məsələ ilə bağlı hər hansı konkret bir mövqe bildirməyin hələ ki, tez olduğunu da vurğuladı: 

“Bu hücumun arxasında nələrin dayandığı ortaya çıxmalı, hücumu təşkil edənlərin real mahiyyəti və ümumiyyətlə hücumun arxasındakı planlar aydın şəkildə izah edilməlidir. Silahlı hücumun arxasında kimin dayandığını söyləmək hələ tezdir. Ona görə hesab edirəm ki, İranın açıqlamalarından sonra bu məsələ ilə bağlı hansısa bir mövqe ortaya qoymaq olar”.

Leyla SƏMƏNDƏR
Missiya.Az

  • 27-01-2023, 14:40