Yanvarın 24-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər bir daha göstərir ki, İrəvan bölgədə sülhün təmin edilməsində yox, müharibənin yenidən başlanmasında maraqlıdır. Əlbəttə ki, Mirzoyanın bu cür absurd fikirinə Azərbaycan Xarici İşlər Nazirliyi dərhal və lazımi cavabı verdi. Nazirliyin açıqlamasında bildirildi ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir. “Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir. Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur. Hələ 2019-cu ildə Ermənistan Baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır”, keçmiş müdafiə naziri Tonoyan isə “yeni torpaqlar üçün yeni müharibə” barədə fikirlər səsləndirib. Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir.” – deyə Azərbaycan XİN-nin açıqlamasında qeyd olunub.
Göründüyü kimi II Qarabağ müharibəsində məğlub olan Ermənistan gülünc “revanşizm” xəstəliyindən qurtula bilmir. Hətta ötən ilin sentyabrında Ermənistan tərəfinin cəbhədə yenidən təxribata əl atması və Azərbaycan Ordusunun düşmənə ağır zərbə vurması görünür ki, İrəvan üçün dərs olmayıb. Belə ki, Ermənistan xarici işlər nazirinin bəyanatı İrəvanın yenidən “revanşa” hazırlaşmasının bariz nümunəsidir. Ancaq buna baxmayaraq Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə qeyd edib ki, bölgədə yeni bir müharibə ola bilməz. Əgər belə bir şeyə Ermənistan tərəfi yenidən cəhd etsə bu dəfə onlar üçün daha ağır nəticələr olacaq. Bir tərəfdən sülh prosesinə “sadiq olduğunu” bildirən Ermənistan, digər tərəfdən də hərbi təxribatlardan əl çəkmir, hətta yenidən silahlanma haqda düşünür. Bir neçə ay əvvəl Ermənistan müdafiə nazirinin Hindistana səfər etməsi və silah almaqla bağlı müqavilə imzalaması açıq aydın göstərdi ki, İrəvan ordusunu müharibəyə hazırlayır.
Mirzoyanın Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həlli fikri İrəvan hakimiyyətinin öz “beyni”nin məhsulu deyil. Çox ehtimal ki, Ermənistan yenə də hansısa güclərdən “yağlı” vədlər alıb və ona arxalanaraq bu cür absurd fikir söyləyir. Əlbəttə ki, Ermənistan tərəfi belə bir şey etmək fikrinə düşərsə bundan ən çox ziyan çəkən də elə ermənilər olacaq. Çünki, Ermənistanın Azərbaycan Ordusunun qarşısında tab gətirmək kimi bir şansı yoxdur.Müharibənin bitməsindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan üçtərəfli bəyanatın müddəalarına əməl etmək niyyətində deyil. Belə ki, bəyanatda silahlı dəstələrin Qarabağdan çıxarılması, Zəngəzur koridorunun açılması, Qazaxın 7 və Naxçıvanın 1 kəndinin geri qaytarılması nəzərdə tutulsa da qarşı tərəf bundan boyun qaçırır. Bütün bunlar göstərir ki, İrəvanın əməllərində heç bir səmimilik yoxdur.
Azərbaycan XİN-nin açıqlamasında da qətiyyətlə bildirilir ki, Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək.
Daşqın Həsənov
Missiya.Az