AZ   |   RU
Qardaşımın diktatorluğuna qarşı olduğumu bəyan edirəm- Xameneyinin bacısı
İslam Respublikası lideri Əli Xameneyinin bacısı və İran rejimini tənqid edən ruhani Əli Tehraninin xanımı Bədri Xameneyi açıq məktub yayaraq, Əli Xameneyi və onun avtoritar xilafətinin əleyhinə olduğunu elan edib. 
 
Missiya.Az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, İran hökumətini tənqid etdiyi üçün hazırda həbsdə olan qadın haqları fəalı Fəridə Muradxaninin anası Bədri Hüseyni Xameneyi dekabrın 6-da ictimaiyyətə məktub ünvanlayıb.
Dərc olunan məktubunda "son 40 ildə övladlarını itirən gözü yaşlı bir çox analara" işarə edərək yazıb: “Qardaşımın əməllərinə haqq qazandırmamaqla yanaşı, Xomeyni dövründən tutmuş indiki Əli Xameneyinin despotik xilafət dövrünə qədər İran rejiminin cinayətlərinə görə ağlar qalan bütün analara başsağlığı verirəm”.
 
O, öz Tvitter hesabında yaydığı məktubun davamında qeyd edib: “Bütün iranlı yaslı analar kimi mən də övladımdan uzaq olmağın kədərini yaşayıram. Rejim qızımı zorakılıqla həbs edirsə, deməli başqalarının məzlum oğul və qızlarına min qat artıq zorakılıq tətbiq edir”.
 
“Qardaşım İran xalqının səsinə qulaq asmır, yanlış olaraq öz muzdlularının, yaltaqların, xalqın payını yeyənlərin çıxışlarını İran xalqının səsi hesab edir”,-deyə Xameneyinin bacısı vurğulayıb. 
 
Onun sözlərinə görə, Xameneyi günahsız insanları sıxışdırmaq və öldürməkdə Ruhullah Xomeyninin yolunu davam etdirir. Xanım Hüseyni sonda İranın ali rəhbəri ilə əlaqələri kəsdiyini, əvvəllər insani vəzifəsi olaraq dəfələrlə xalqın səsini ona çatdırdığını da vurğulayıb.
 
Aqil Musa
Missiya.Az

  • 7-12-2022, 17:56