AZ   |   RU
Azərbaycan-Türkiyə birgə təlimləri mollalara tutarlı reaksiya olacaq

Məlum olduğu kimi Azərbaycan və Türkiyə arasınada hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində hərbi təlimlər keçirilir. 


Tehran rejiminin Araz sahili boyunca keçirdiyi təlimlərə və Azərbaycana qarşı ardı-arası kəsilməz təxribatlarına cavab olaraq keçirilən bu təlimi regionda sabitliyi istəməyən qüvvələrə bir mesaj kimi də qəbul etmək olar.

 

Azərbaycan-Türkiyə birgə təlimləri barədə Missiya.Az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirir ki, keçirilən təlim iki qardaş ölkə tərəfindən İran mollalarına tutarlı cavab reaksiyasıdır. 


Təlimlərin əsas məqsədi “Şuşa bəyannaməsi”nin ərazidə kordinasiyalı şəkildə həyata keçirilməsini bizə qarşı olan qüvvələrə göstərməkdir.


Ədalət Verdiyevə görə təlimlərin Astara, İmişli və Cəbrayılda keçirilməsi ondan xəbər verir ki, Azərbaycan İranın təxribatları qarşısında nəinki geri çəkilməmək, eyni zamanda  istənilən təxribatlara adekvat cavablar da vermək qətiyyətindədir.


Ekspert qeyd edir ki, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın Bakıya gəlməsi, eləcə də F-16 qırıcılarının təlimlərə cəlb edilməsi təlimlərin və lazımi yerlərə verilən mesajların miqyasından və ciddiyyətindən xəbər verir.


Ekspert təlimlərin “Qardaş yumruğu” adı altında keçirilməsini uğurlu hesab edir, təlimlərin vaxtının, yerinin, miqyasının və adının İranın təxribatlarına son qoymağa hesablanan düşünülmüş addım kimi qiymətləndirir.


Dünyanın yeni siyasi və iqtisadi arxitekturası fonunda regionda baş verən tarixi qanunauyğunluğu görməzdən gəlmək istər İrana, istərsə də Ermənistana baha başa gələ bilər.


Daxildə baş verən çaxnaşmalardan gözü qaralan fars mollalarının Azərbaycana qarşı hər gün yeni bir iddia ilə çıxış etməsi İrandakı mövcud rejiminin süqutunu sürətləndirə bilər.


Rusiyanın üz çevirdiyi, Qərbin isə sahib çıxmadığı Ermənistanın can üstündə olan fars molla rejimindən mədət umması boğulan birinin saman çöpündən yapışmasına bənzəməsindən başqa bir şey deyil.


Ümid edirik ki, bu təlim Türkiyə və Azərbaycan arasında yüksək strateji müttəfiqlik və qardaşlıq münasibətlərini nəzərə almayan İranın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat və enerji layihələrinin əsas fiqurlarından biri olan Azərbaycan və NATO üzvü Türkiyə ilə siyasətinə yenidən baxması, qonşuluq və regional əməkdaşlıq münasibətlərinə qayıtması üçün tarixi fürsət olacaq.


Aqil Musa

Missiya.Az



  • 6-12-2022, 17:17