AZ   |   RU
“Turan yolu” kimi tanınan Zəngəzur dəhlizi regional və qlobal balansları dəyişdirmək gücünə malikdir
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında “Turan yolu” və ya “Turan dəhlizi” kimi tanınan Zəngəzur dəhlizi regional və qlobal balansları dəyişdirmək gücünə malikdir. Regional təsirini itirməkdən qorxan Tehran Qarabağla bağlı İrəvanla Bakı arasında normallaşma cəhdlərinin qarşısını almağa çalışır.
 
Missiya.Az  xarici KİV-nə istinadən xəbər verir ki, bu mövzu ilə bağlı Böyük Britaniyada fəaliyyət göstərən “The New Arab” media saytı “İran Ermənistanla Azərbaycan arasında bağlanılması planlaşdırılan sülh sazişini niyə manipulyasiya  edir?” adlı təhlil dərc edib.
 
Təhlildə Azərbaycan və Ermənistan  arasında qurulacaq dialoq Çindən Avropaya qədər uzanan böyük bir bölgəni yeni transformasiyaya aparacağını diqqətə çatdıran nəşr siyasi sabitlik və sülhün iqtisadi əməkdaşlığı artıracağına inamı ifadə edir.
 
 “Azərbaycan və Ermənistan arasında mümkün hərtərəfli sülh sazişinə güclü müqavimət göstərən İranın tutduğu mövqeyə də geniş yer verilib.
 
Təhlildə qeyd olunur ki, “Türkiyə və Rusiyadan fərqli olaraq, 2020-ci il müharibəsində Ermənistanın məğlubiyyətindən sonra İranın Cənubi Qafqazda təsiri və maraqları əhəmiyyətli dərəcədə azalıb”. Bununla belə Tehranın tənzimləmə prosesinin bir hissəsi ola bilməyəcəyinə diqqət çəkilib.
 
Bu mənada İranın Ermənistanla Azərbaycan arasında mümkün hərtərəfli sazişlə bağlı üç əsas narahatlığının olmasını  bildirən təhlildə yazılır ki, Tehran azərbaycanlıların “Cənubi Azərbaycan” adlandırdıqları bölgə ilə bağlı hər şeyə çox həssas yanaşır. Tehran hesab edir ki, istənilən davamlı sülh Azərbaycanı gücləndirəcək və bu da öz növbəsində ölkənin ən böyük etnik azlığı olan azərbaycanlı əsilli İran vətəndaşlarını gücləndirəcək. Bu isə İranın hazırkı daxili qarışıqlıqlarını nəzərə alaraq potensial problemdir.
 
İkincisi, İranın Cənubi Qafqazdakı ənənəvi geosiyasi strategiyası həmişə coğrafi mövqeyindən, eləcə də Ermənistanla müttəfiqliyindən və Rusiya ilə tərəfdaşlığından istifadə edərək, qonşu regionlarda öz çəkisini və təsirini artırmaq üzərində qurulub.
 
Adı çəkilən təhlildə İranın müttəfiqi Ermənistana yardım etmək və Rusiya silahlarının İrəvana çatdırılmasını asanlaşdırmaq cəhdlərinə baxmayaraq, Azərbaycan Türkiyənin dəstəyi ilə Ermənistanı alçaldıcı məğlubiyyətə uğratdğı bildirilir.
 
Üçüncüsü, Ermənistan və Azərbaycan arasında davamlı sülh vəziyyəti kəskin şəkildə dəyişdirəcək və Türkiyənin təkcə Qafqazda deyil, həm də Mərkəzi və Cənubi Asiyada təsirini artıracaq. Buna uyğun olaraq, İran iki rəqib arasında sülhün onun geosiyasi əhəmiyyətini azaldacağına inanır.
 
Təhlildə bildirilir ki, Zəngəzur dəhlizi və ya Naxçıvan dəhlizinin açılması ilə türk dövlətləri arasında  əməkdaşlıq və ticarət artacaq, Orta Asiya ilə birbaşa əlaqə yaranacaq. Bu, tarixi İpək Yolunun dirçəlişini təmin edəcək, regional sülh və əməkdaşlıq mühitini gücləndirəcək.
 
Təhlildə “Turan Yolu” və ya “Turan Dəhlizi” kimi tanınan Zəngəzur dəhlizinin geostrateji əhəmiyyətə malik olması və türk dünyasını Türkiyə üzərindən sərbəst şəkildə Aİ ilə birləşdirilməsi xüsusilə vurğulanıb. 
 
Qeyd olunur ki, bu Türkiyənin İrandan yan keçərək birbaşa Azərbaycanla, oradan isə digər türk ölkələri, Orta Asiya və Cənubi Asiya ilə əlaqə saxlamasına imkan verəcək.
 
Bildirilir ki, "Bu dəhliz regionu həm iqtisadi, həm də geosiyasi baxımdan dəyişdirmək gücünə malikdir. Tehran regionda hərtərəfli sülhün ilkin benefisiarlarından biri ola bilər, lakin İran rejiminin eqoistliyi və status-kvonu qorumaq istəyi  Azərbaycanın yüksəlişini boğmaq və Türkiyəni xaric etməkdir”.  Üstəlik  İranın Qafqazda və Mərkəzi Asiyada ona təqdim olunan geniş imkanları görməzdən gəlməsi də tənqid olunub.
 
Müəllif qeyd edir ki, “İranın mövqeyi Ermənistanı üçtərəfli saziş üzrə öhdəliklərinə getdikcə daha çox məhəl qoymamağa sövq edib”.
 
Prezident İlham Əliyevin bir neçə dəfə Ermənistana öhdəliklərini yerinə yetirməsi ilə bağlı xəbərdarlıqlarına yer verilən təhlildə qeyd olunur ki, “Ermənistan mövcud mövqeyini dəyişməsə Bakı lazımi gücdən istifadə edəcək”. 
 
Təhlilin sonunda Rusiyanın regiondakı proseslərə münasibətinə də toxunan müəllif bildirir ki, "Rusiyanın Cənubi Qafqazda sülhün əldə edilməsində marağı səmimi olmasa da, regionda mümkün hərtərəfli razılaşmanı manipulyasiya etməkdə həqiqətən maraqlı olan İrandır". 
 
Aqil Musa
Missiya.Az

  • 29-11-2022, 15:21