AZ   |   RU
Fotolara yazılan tarix nəsildən- nəsilə ötürüləcək - MÜSAHİBƏ

Kədəri, sevinci özündə birləşdirən bu fotolara yazılan tarix nəsildən-nəsilə ötürüləcək.

"Telefonu əlindən buraxmayan, atasının zəngini gözləyən şəhid oğlu... Düşünürəm ki, həmin anları çəkdiyim fotolarla ötürə bilmişəm". 

Fotojurnalistika – jurnalistikanın xüsusi bölməsidir. Fotojurnalistlər məlumatları söz vasitəsi ilə deyil görüntülərlə çatdırırlar. Bu sahə sanki zamanın bir anını əbədiləşdirir, real insanlar və hadisələr tamaşaçıların qarşısında fotoaparatlı insanın gördüyü kimi canlanır. Hər bir fotoşəkil epoxanın sənədinə çevrilir. Əbəs deyil ki, bir vaxtlar totalitar rejimdə məhz kinoxronika və fotoşəkillər ciddi senzuraya məruz qalmışdı. 

Fotolar həqiqətən də ən təsirli vasitələrdir, çünki sadəcə görüntülər danışır... 

Missiya.Az
olaraq Azərbaycan Fotoqrafları Birliyinin təftiş komissiyasının sədri, fotojurnalist Fərqanə Qasımlı ilə fotojurnalistikanın sirləri, 44 günlük Vətən müharibəsi zamanı çəkilən fotolardan və bu peşənin hazırkı vəziyyəti ilə bağlı söhbətləşdik. 

Müsahibəni təqdim edirik:

1. Fotojurnalistikaya sevginiz necə yaranıb?

Öncə onu bildirim ki, foto çəkməyi sevdiyim üçün fərqli janrlarda fotolar çəkirdim. Fotojurnalistika fotoqrafiyanın bir neçə janrını özündə birləşdirdiyi üçün seçimim bu sahə üzrə oldu. Həm də 2010-cu ildə çəkdiyim bir foto bu sahəyə olan sevgimi daha da artırdı. Naxçıvana gedən zaman İran ərazisindən keçərkən işğal altında olan Arazın o tayında Cəbrayılın Qumlaq kəndində dağılmış evləri gördüm. O zamana qədər işğal altında olan ərazilərin görüntüləri haqqında heç bir təsəvvürüm yox idi. İlk dəfə idi ki, dağılmış evləri görürdüm. Çox məyus olmuşdum o an... Həmin evlərin fonunda Xudafərin körpüsünü çəkdim. Həmin gün o fotonu çəkdiyim üçün böyük problemlə rastlaşmışdım. Ancaq fotonu qoruyub saxlaya bilmişdim. Həmin il fotonu ölkəmizdə keçirilən "Mənim Azərbaycanım" müsabiqəsinə göndərmişdim. Məqsədim isə fotonun qalib gəlməsindən çox Arazın o tayı ilə bu tayını birləşdirən Xudafərini, həmin evləri göstərməyim idi. Ora bizim Azərbaycanımızın vəhşi düşmən tərəfindən dağıdılmış bir parçasıdır. Foto sosial şəbəkədə böyük müzakirəyə səbəb olaraq müsabiqədə qalib fotolar sırasında yerini tutdu. 

2. Peşəkar fotojurnalist olmaq istəyənlər hansı mərhələləri öyrənməlidir?

Fotokameranın incəliklərini bilməli, cəld və soyuqqanlı olmalısan. Fotojurnalistikanın özəyi görüntü olduğu üçün fotoreportajı hazırlayarkən fotoların sayını, sıralamasını və rəngini düzgün seçməlisən. Çəkilən fotolar haqqında məlumat elə yazılmalıdır ki, görüntünün verdiyi informasiyanın davamını həmin cümlələr tamamlasın... 

Çünki, fotojurnalist baş vermiş hadisələr zamanı izləyicinin görən gözüdür.

3. Hazırda,  ölkəmizdə  fotojurnalistikaya maraq nə dərəcədədir? 


Hazırda fotoqrafiyanın başqa janrları ilə müqayisədə fotojurnalistikaya maraq azdır. Bu sahədə inkişafın az olmasına səbəb  fotoqrafiya məktəbinin olmaması və fotoagentliklərin say etibarilə azlıq təşkil etməsidir. 

4. Bu peşənin təsirlilik gücündən bir qədər danışardınız.

Ümumiyyətlə, qəzet icad olunandan informasiyanı yazıb çap etməklə ötürərdilər. Müasir insan informasiyanı uzun-uzadı oxuyaraq vaxt itirmək istəmir. Buna görə də baş verən hadisəni təsvir vasitəsi ilə ani almağı üstün tutur.  Müasir dövrdə fotojurnalistika ən önəmli sahələrdəndir. 

5. 44 günlük Şanlı Vətən Müharibəsi dönəmində fotolar dünya ictimaiyyətinə sözümüzü demək üçün böyük vasitələrdən biri oldu, həmin vaxtları birlikdə xatırlayaq... 


İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqı üç cəbhədə döyüşürdü. Səngərdə, diplomatiyada və informasiyada. Hər üç cəbhədə də zəfər çaldıq... 

6. Vətən müharibəsi zamanı öz çəkdiyiniz fotolar barədə bizim üçün danışardınız. 

Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmiş xalqımız kədərlə sevinci eyni anda yaşayırdı. Şəhid bacısının göz yaşları içində Şəhidlər Xiyabanında diz çökərək sizə müjdəm var, qısasınız alındı deyə sevinc hayqırışı, telefonu əlindən buraxmayan atasının zəngini gözləyən şəhid oğlu, "xala o mənim atamdır" deyərək, atasının şəklini götürüb üstümə qaçan qızcığaz və İkinci Şəhidlər Xiyabanında kədərli baxışlarla atasının fotosunu əlində tutan balaca Ahu (Ahunun fotosu sosial şəbəkələrdə ən çox paylaşılan foto oldu). Düşünürəm ki, həmin anları çəkdiyim fotolarla ötürə bildim. 

Kədəri, ağrı-acını özündə birləşdirən bu fotolar tarix boyu qazanılan zəfərin, gözü yaşlı anaların, dul qalan gəlinlərin, ana bətnində atasını itirən körpələrin, atasının şəklinə sarılan körpələrin kədərini əks etdirən fotolar çap olunan kitab və jurnallarda nəsillərdən nəsillərə ötürüləcək.
44 günlük müharibədə arxa cəbhədən və işğaldan azad olunmuş torpaqlarda çəkdiyim fotolar Zəfər salnaməsi, Qarabagın qara kitabı, Qarabağ kitabında və İrs “Azerbaijan Airlines” jurnallarında çap edilib. 

7. Son olaraq fotojurnalist olmaq istəyənlərə məsləhətiniz nədir? 

Öncə dürüst və operativ olsunlar. Ondan sonra böyük zəhmətlə uğurlu işlər ortaya qoya biləcəklər. 

Fotojurnalist Fərqanə Qasımlı Beynəlxalq fotomüsabiqələrdə qızıl, gümüş, fəxri lentlər, diplomlar qazanıb. Avropa Fotoqraflar Federasiyasının “Professional fotoqraf” statusuna layiq görülərək sertifikatla təltif olunub. Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının sənətçi fəxri adına layiq görülüb və hazırda, federasiyanın üzvüdür. Avropa Fotoqrafları Federasiyasının " İlin Professional Fotoqrafı 2021” müsabiqəsində “Distinction” və “Merit” mükafatı (fotojurnalistika üzrə) Gürcüstan Fotoqraflar Assosasiyasının fəxri adlarına layiq görülüb.

Fotojurnalist iki sənədli və iki sosial film çəkib:  “Tərəkəmə çərşənbəsi” və 20 yanvar faciəsindən bəhs edən "Faciənin fotosu“ sənədli filmləri, “Sevgi“ və “Qanlı barmaqlar” sosial filmləri.

Fotojurnalistlər danışmağa yox, foto çəkməyə üstünlük verirlər. Öz sözünü bu cür, daha təsirli çatdırırlar. Çünki görüntülər ən təmiz və ədalətli cavabdır... 

Zərintac MAYİSQIZI
Missiya.Az 




  • 22-11-2022, 17:18