AZ   |   RU
"Kızılelma" F-35-dən üstündür - Səlcuq Bayraqdar

Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsinin ilk avtomatik taksi və sürətlənmə sınaqları keçirilib.

Missiya.Az xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Məlumatda bildirilb ki,  sınaqlar “Baykar”ın Çorlu bölgəsində yerləşən “Akıncı Təlim və Sınaq Mərkəzi”-də baş tutub və şirkətin texniki direktoru Səlcuq Bayraktar tərəfindən idarə olunub.

“Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsi qısa uçuş-enmə zolağına malik gəmilərə enmək və qalxmaq bacarığna sahib olacaq platformadır. Pilotsuz döyüş təyyarəsi Türkiyə tərəfindən inşa olunan və hazırda sınaqları davam edən “TCG Anadolu” gəmisində yerləşdirilərək ölkəyə aid dəniz sərhədlərinin mühafizəsində də istifadə ediləcək.

ASELSAN istehsalı AESA radarları ilə təchiz ediləcək “Bayraktar KIZILELMA”nın uçuş ağırlığının 6 ton və faydalı yük daşımaq imkanının 1500 kiloqram olması hədəflənib. Qeyd edilib ki, pilotsuz döyüş təyyarəsi milli istehsal olan bütün növ “hava-hava” tipli sursatlardan istfadə edə biləcək.

Türkiyənin son illərdə müdafiə və aviasiya sahəsindəki inkişafı Cümhuriyyətin 100-cü ilində ən yüksək həddə çatacağı gözlənilir. 

Silahlı qüvvələrini ən qabaqcıl vasitə və avadanlıqlarla təmin etməyə çalışan Türkiyə müdafiə sənayesinin təxminən bir il müddətində bir çox layihədə kəskin addımlar atacağı gözlənilir. Türkiyənin ən əhəmiyyətli texnologiya inkişaf layihəsi olan və Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən texnoloji sahələrdə aparılmış araşdırmalar nəticəsində Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi istehsal edəcək infrastruktur və texnologiyaya malik ölkələrdən birinə çevrilməsi hədəflənir. 

Hərbi Hava Qüvvələri Komandanlığının inventarında olan F-16 təyyarələrini əvəz edəcək Milli Döyüş Təyyarəsi, F-5 təyyarələrini əvəz edəcək reaktiv təlimçi və yüngül hücum təyyarəsi Hürjet, Atak-2 və Gökbey helikopterləri, pilotsuz döyüş təyyarəsi Bayraktar Kızılelma, Bayraktar TB3 silahlı pilotsuz uçuş aparatı, eləcə də milli mühərriklə idarə olunan uçuşlar Türkiyənin hava üstünlüyünün göstəriciləridir.

Türkiyənin milli istehsalı olan və ictimaiyyət arasında təyyarə gəmisi kimi tanınan “TCG Anadolu”nun silahlanmaya daxil edilməsinə az vaxt qalır. Dünyanın ilk silahlı PUA gəmisi olan “TCG Anadolu” çoxməqsədli amfibiya hücum gəmisi yerli silahlarla təchiz ediləcək. Bayraktar TB3, Kızılelma və Hürjet kimi təyyarələrin bu gəmidən uça bilməsi üçün işlər davam etdirilir. 

Bir tabor şəxsi heyəti daşımaq üçün texniki təchizata malik olan hərbi gəminin göyərtəsində 50 PUA və ya 10 helikopter yerləşdirilə bilər. Gəminin içərisinə hər biri 1 tank daşıyan mexanikləşdirilmiş desant gəmisi də yerləşdiriləcək. Əsas formalaşması baxımından amfibiya əməliyyatlarında da istifadə oluna bilər. Türk donanmasının ehtiyaclarına uyğun olaraq inşa edilən və qitələrarası missiyalara çıxma qabiliyyətinə malik olan gəminin Qaradəniz, Egey və Aralıq dənizlərində aktiv şəkildə istifadəsi nəzərdə tutulub. Sualtı, yerüstü və quru hədəflərinə qarşı silahlarla təchiz edilmiş sualtı qayıqlar, yeni pilotlu və pilotsuz yerüstü nəqliyyat vasitələri, ağır və orta sinif pilotsuz quru vasitəsiləri təhlükəsizlik qüvvələrinin rəy, təklif və tələbləri istiqamətində yenidən işlənib və əlavə imkanlarla təchiz edilib. Amfibiya zirehli maşını ZAHA və zirehli xüsusi əməliyyat maşınları inventara əlavə olunacaq Türk müdafiə sənayesi məhsulları arasındadırlar. 

Modernləşdirilmiş və inteqrasiya olunmuş pilotsuz top qülləsi olan ilk zirehli döyüş maşını “Altay” tankı da Türkiyədə istehsal olunacaq.
 
Teymur Aslanov
Missiya.Az

  • 21-11-2022, 15:10