AZ   |   RU
“Azərbaycanla Ermənistan arasında SÜLH MÜQAVİLƏSİ Gürcüstanda imzalanacaq” Qarabağdakı ermənilər üçün iki yol: Ya Azərbaycan vətəndaşlığı, ya da Ermənistana köçmək

Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə Azərbaycan dövlət başçısı İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticəsi olaraq qəbul edilmiş bəyanatda Qarabağ adının keçməməsi Ermənistanda ciddi müzakirələrə səbə olub. 

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Paşinyan sülh dövrünün başlanğıcından bəhs edən sənədi tezliklə imzalamalıdır. Belə bir müqavilə noyabrın sonu və ya dekabrın əvvəllərində imzalana bilər. Nə qədər təəccüblü olsa da sülh müqaviləsinin Gürcüstanın paytaxtı Tbilisidə imzalanması planlaşdırılır. Gürcüstanda İlham Əliyevlə Nikol Paşinyan görüşünə və sülh erasından xəbər verən sənədin imzalanmasına fəal hazırlıq gedir. Həmin sənədin imzalanması Ermənistanın tamamən Qarabağdan çıxması ilə nəticələnəcək. Ermənistan heç bir şəkildə Qarabağ məsələsinə qarışmayacağını öhdəsinə götürəcək. Qarabağın erməni əhalisinin 2 seçimi olacaq: onlar ya Azərbaycan vətəndaşlığını qəbul edib orada yaşamağa davam edəcək ya da Ermənistan vətəndaşı kimi oranı tərk edəcək”, - deyə “Hraparak” nəşri bildirir.

“İlham Əliyev Soçidə elan etdi ki, Qarabağ məsələsi yoxdur, həll olunub və bu mövzuda müzakirə aparıla bilməz. Rusiya sülhməramlı qoşunlarına gəlincə, ermənilərin bir hissəsi getdikdən və qalan hissəsi Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onların həmin ərazidə qalmaları tamamilə mənasız olacaq. Azərbaycan bəyan edəcək ki, bu insanlar öz ölkəsinin vətəndaşlarıdır və rəsmi Bakı onların hüquqlarını, təhlükəsizliyini təkbaşına təmin etməyə qadirdir. Qarabağın təhvil verilməsindən sonra artıq oranı Ermənistanla birləşdirən dəhlizdən söhbət gedə bilməz” - deyə nəşr vurğulayıb. 

“Hraparak” yazır ki, Nikol Paşinyan Qarabağ məsələsinin həllində rus variantını seçdiyini deyəndə, yenə yalan danışıb: “Çünki, məsələnin həllinin Qərb variantını çoxdan seçib. Paşinyan Soçiyə gedərək, bəyanatın altına imza atıb və özünə haqq qazandırıb ki, siz Rusiya və onun prezidenti Putinin Qarabağı qorumaq iqtidarında olmadığını görmürsünüz, mən tək nə edə bilərəm? Mən Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün Qarabağdan əl çəkdim” - deyə, məqalədə qeyd olunur.


Daşqın Həsənov
Missiya.Az


  • 3-11-2022, 13:29