Bu ilin iyun ayında ABŞ prezidenti Co Bayden və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasındakı telefon danışığı zamanı gərgin anlar yaşandığı iddia olunur.
Missiya.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.
Bildirilir ki, yeni hərbi yardım paketindən danışan zaman Zelenski də istədikləri silahları saymağa başlayanda Bayden əsəblərini saxlaya bilməyib və səsini ucaldaraq reaksiya verib: “Biraz daha minnətdar ola bilərsən. Amerikalılar Ukraynaya qarşı çox səxavətli olublar”.
“Ukraynaya daxil olan pullar ABŞ administrasiyası daxilində də mübahisələrə səbəb olur. Konqresin bir çox üzvləri ABŞ iqtisadiyyatının çətin dövrünü yaşadığı bir vaxtda Ukraynaya milyardlarla dolların ayrılmasından narahatdırlar” - deyə məlumatda vurğulanıb.
Qeyd olunub ki, noyabrın 8-də keçiriləcək parlament seçkilərində Respublikaçılar Konqresdə çoxluğu qazanarsa, Ukraynaya yardım dayandırıla bilər.
Daşqın Həsənov
Missiya.Az