AZ   |   RU
“Soçi bəyanatı ermənilərin növbəti uğursuzluğudur” – “Hraparak” erməni nəşri

Danışan fotolar silsiləsinin ardından erməni mətbuatında “Uğursuz Paşinyanın uğursuz görüşü”, “Soçi görüşü Ermənistanın maraqlarına xidmət etmir” və s. başlıqlı yazılar dərc edilib.  
 
Missiya.Az
Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verir ki, oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və erməni baş nazir Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün yekunlarına dair dərc olunmuş bəyanat ermənilər tərəfindən uğursuz adlandırılıb. Bəyanatda Qarabağ və  ATƏT-lə bağlı hər hansı bir kəlmə belə işlədilməməsi erməniləri bərk məyus edib. Bütün bunları erməni politoloqlar Paşinyanın uğursuz və yarıtmaz siyasəti ilə əlaqələndiriblər.  
 
“Bəyanatda erməni tərəfi üçün heç bir əhəmiyyət kəsb etməyən maddələr öz əksini tapıb”- deyə erməni nəşri yazıb. “Hraparak” nəşri daha sonra əlavə edir-Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Putinlə ikitərəfli görüş zamanı konkret olaraq bildirmişdi ki, “Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə müzakirə olunacaq praktiki heç nə yoxdur”. 
           
“Üçtərəfli bəyanat Nikol Paşinyanın əslində Azərbaycan prezidenti İlham Əliyevlə həmrəy olduğunu ifadə edib. Paşinyanın yanaşması mahiyyət etibarilə Qarabağdakı və Ermənistandakı ermənilərin əksəriyyətinin mövqeyi ilə tam ziddiyyət təşkil edir və bu dövlət maraqlarına ziddir.” – deyə erməni nəşri yazıb. 
                   
Ermənistanın “Yaşayan Diyar” partiyasının bəyanatında isə qeyd olunub ki, “Soçidə keçirilən üçtərəfli bəyannamə heç bir halda erməni tərəfinin maraqlarından irəli gəlmir. Bu sənəd də Qarabağ ermənilərinin iradəsini ifadə etmir.”
 
Görünən odur ki, ermənilər hər bir uğursuzluğu Paşinyanın üzərinə atmaqla öz işğalçılıq siyasətlərinin Paşinyandan əvvələ gedib çıxdığını danmağa çalışırlar. Necə ki, Cənubi Qafqazın tarixini saxtalaşdırmaqda, Azərbaycanın tarixi torpaqlarının adlarını erməniləşdirməkdə öz işğalçı siyasətlərini davam etdiriblər. İndi işğalçılığın erməni xalqına uğursuzluq gətirdiyini dərk etmək əvəzinə Paşinyanın yarıtmaz siyasətinə etiraz edənlər məğlubiyyətin nəticələri ilə barışmağın vaxtı çatdığını dərk etməlidirlər.
 
Nəriman Sultanoğlu
Missiya.Az


  • 1-11-2022, 13:46